MİKAYIL MÜŞFİQİN ANADAN OLMASININ 100 İLLİYİNƏ HƏSR EDİLMİŞ TƏNTƏNƏLİ YUBİLEY GECƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 24-də Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, Azərbaycan Dövlət Musiqili Komediya Teatırında XX əsr poeziyamızın görkəmli nümayəndəsi, böyük ilham sahibi, nakam taleli Mikayıl Müşfiqin anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli yubiley gecəsi keçirilmişdir.
Teatrın foyesində Mikayıl Müşfiqin həyat və yaradıcılığını əks etdirən sərgi təşkil olunmuşdu. Sərgidə şairin latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunmuş 3 çildlik əsərləri, “Həyat sevgisi”, “Yenə o bağ olaydı”, “Əbədiyyət nəğməsi” kitabları, şair haqqında yazılmış monoqrafiyalar və fotolar nümayiş etdirilirdi.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıcısı Anar, xalq yazıçısı Gülhüseyn Hüseynoğlu, professor Nizaməddin Şəmsizadə çıxış edərək bildirmişlər ki, Mikayıl Müşfiqin yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Ədəbi fikir tariximizə yenilikçi şair kimi daxil olmuş Müşfiq dövrün yüksək bədii dəyərə malik, romantik ruhlu və dərin ictimai məzmunlu zəngin poeziyasını yaratmışdır.
Natiqlər vurğulamışlar ki, Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan Mikayıl Müşfiqin 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Prezidentin müvafiq Sərəncamına uyğun olaraq ölkəmizin hər yerində silsilə tədbirlər keçirilmişdir.
Bildirilmişdir ki, Mikayıl Müşfiq ədəbiyyat tariximizdə, xalqımızın yaddaşında çılğın, romantik, xəyallar dünyasında qanadlanan bir gənc kimi qalacaqdır. Ömrümüzün hər çağında alovlu şairin büllur kimi saf, axıcı misralarını xatırlayacaq, nəğmələrini dinləyəcəyik. Bununla belə, daim onun tükürpərdici harayını da eşidəcəyik.
Tədbirdə Müşfiq poeziyasının məziyyətlərindən, ona olan ümumxalq məhəbbətindən söhbət açılmış, dillər əzbəri olan şeirləri səsləndirilmiş, poemaları əsasında hazırlanmış kompozisiyalar nümayiş etdirilmişdir.
Gecədə Mikayıl Müşfiqin sözlərinə yazılmış “Oxu, tar”, “Qal, sənə qurban”, “Sənin gülüşlərin” və s. mahnılar dinləyicilər tərəfindən alqışlarla qarşılanmışdır.
######
![]() |
![]() |

