İDMAN
Millət vəkili: Gəncədə stadion probleminin həlli azarkeşlərin sevincinə səbəb olacaq
Bakı, 12 oktyabr, AZƏRTAC
“ Prezident İlham Əliyev Gəncə şəhər stadionunun sökülərək yenidən qurulması üçün oktyabrın 6-da Sərəncam imzaladı. Bu, əslində bütün gəncəlilərin gözlədiyi qərar idi”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov Prezident İlham Əliyevin Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında imzaladığı Sərəncam barədə danışarkən deyib.
“Kəpəz” klubunun Müşahidə Şurasının üzvü olan millət vəkili bildirib ki, Gəncədə idman sahəsində aparılan uğurlu siyasət şəhəri gündən-günə daha da canlandırır: “Burada olan idman quruculuğu nəinki Nizami yurduna, hətta bütün qərb regionuna faydalı olacaq. Şəhərdə həmçinin böyük İdman sarayı da inşa olunur. Demək olar ki, bu sarayın açılışına da az qalıb. Cənubi Qafqazın ən nəhəng idman infrastrukturu hesab olunan bu qurğu ikinci böyük şəhərdə beynəlxalq səviyyəli yarışlara ev sahibliyi etməyə də şərait yaradacaq”.
Deputatın sözlərinə görə, Gəncə idman ictimaiyyətini narahat edən ən böyük problem şəhərdə futbolun inkişafının zəifləməsidir: “Gəncə idmançıları ölkəmizi beynəlxalq arenalarda dəfələrlə yüksək səviyyədə təmsil ediblər. Lakin şəhərin idman həyatında bəlkə də yeganə problem futbolun inkişaf etdirilməsi idi. Deyərdim ki, Gəncədə stadion problemi həll edildikdən sonra futbolda olan çatışmazlıqlar aradan qalxacaq və bu da azarkeşlərin sevincinə səbəb olacaq”.
M. Cəfərov deyib ki, dövlətin şəhərin idman həyatına olan qayğısının nəticəsində 3 il əvvəl Gəncə İdman Liseyinin yeni binası fəaliyyətə başlayıb: “Bu gün həmin liseyin yetirmələri Azərbaycan bayrağını beynəlxalq arenada qaldıraraq dövlətimizi tanıdırlar. Bir sözlə, Azərbaycanda bədən tərbiyəsi və idman hərəkatının idarə olunması prosesi günün tələbləri səviyyəsində inkişaf etdirilir. Təkmilləşdirilən idmanyönümlü qurumların sayı artırılır. Bununla yanaşı, hər bir vətəndaş da idmanın kütləviləşməsi işinə öz töhfəsini verməyə çalışmalıdır. Yalnız bu halda bədən tərbiyəsi və idmanın kütləviliyi kimi strateji vəzifələrin yerinə yetirilməsində arzulanan nəticələri əldə etmək mümkün olacaq. Prezident İlham Əliyevin idmanın inkişafı üçün göstərdiyi səylər və qəbul etdiyi qərarlar belə deməyə əsas verir ki, qarşıdakı illərdə də Azərbaycan idmanı yeni zirvələri fəth edəcək və kütləviləşmə prosesi yeni inkişaf mərhələsinə qədəm qoyacaq”.