İQTİSADİYYAT
Milli Aviasiya Akademiyasında “StartUp School” layihəsi təqdim olunub
Bakı, 6 mart, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) EnterpriseAzerbaijan.gov.az portalının və ABŞ-nin Nevada Universitetinin birgə hazırladığı “StartUp School” layihəsi Milli Aviasiya Akademiyasında (MAA) təqdim olunub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Enterprise Azerbaijan portalının rəhbəri Mətanət Musayeva, mentor Habil Əhmədov və layihə meneceri Nəzrin Əkbərova layihə barədə ətraflı məlumatlar veriblər.
Milli Aviasiya Akademiyasının yeni texnologiyalar üzrə prorektoru, professor Xəqani Abdullayev, nəqliyyat texnologiyaları fakültəsinin dekanı Nazim Nağıyev, dekan müavini Məhluqə Nəsirova və digər rəsmi şəxslər akademiyada yaradılacaq innovasiya mərkəzi və “StartUp School” layihəsi ilə əməkdaşlıq imkanlarından danışıblar.
Görüşdə “Teknofest Azərbaycan”ın iki nominasiya üzrə birincisi Sərxan Ağadadaşov da iştirakçılara layihələrini təqdim edib.