Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Ümummilli Liderin Azərbaycanı parçalanmaqdan qurtardığını, onun gördüyü işlərin, ideyaların bu gün də yaşadığını deyib. Bildirib ki, Azərbaycan xalqı, müstəqil Azərbaycan dövləti yaşadıqca Ulu Öndərin əziz xatirəsi daim xatırlanacaq, unudulmayacaq.
O, həmçinin söyləyib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan Ordusunun iştirakı ilə torpaqlarımız düşmən tapdağından azad olundu. Dövlətimizin başçısının yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan bu gün regionda lider ölkəyə çevrilib.
Daha sonra tədbir iştirakçıları təşkil olunmuş sərgiyə baxıblar. Sərgidə kitabxananın fondunda qorunan dahi şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən kitablar, sənədlər nümayiş olunub.