MİLLİ MƏCLİS DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNUN BÜDCƏSİNİ MÜZAKİRƏ ETMİŞDİR
Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli layihə ilə bağlı demişdir ki, Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il üçün büdcə layihəsi əhalinin pensiya təminatının gələn ildən yeni əsaslarla təşkilini nəzərdə tutan sığorta-pensiya sisteminə uyğun tərtib edilmişdir. Gələn ildən pensiya və müavinətlərin yeni əsaslarla təşkilini sürətləndirmək üçün komissiya bir sıra normativ–hüquqi aktların, o cümlədən “Azərbaycan Respublikasında əmək pensiyaları haqqında”, “Dövlət sosial müavinətləri haqqında” qanun layihələrinin bu ilin sonunadək Milli Məclisdə qəbuluna çalışacaqdır.
H.Rəcəbli bildirmişdir ki, bu layihə sosial müavinətlər sisteminin əmək pensiyaları və sosial sığorta sistemindən ayrılması baxımından yenilikdir.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əhalinin sosial müdafiəsinin ildən-ilə daha da gücləndirilməsinə imkan yaratdığını bildirən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov demişdir ki, Fondun büdcəsinin tərtibi zamanı bir sıra meyarlar - qanunvericilik bazasının təkmilləşdirilməsi, sosial sığorta ödənişlərinin işçilərə müəssisə və təşkilatlar vasitəsilə ödənilməsi praktikasının ləğvi, məcburi dövlət sosial sığortası sahəsində fərdi uçot sisteminin qurulub başa çatdırılması, pensiyaların təmin edilməsi və artımı prosesinin sadələşdirilməsi, ölkədə çalışan işçilərin məcburi dövlət sosial sığortasına cəlb olunması, növbəti ildə əmək pensiyalarının baza və sığorta hissələrinin proqnozlaşdırılan artımı, ölkədə aylıq əmək haqqının minimum məbləğinin artırılması ilə bağlı işsizlik müavinətlərinin yüksəldilməsi üçün vəsaitin ayrılması, Həmkarlar İttifaqları Konfederasiyasının xətti ilə sanatoriya-kurort müəssisəsi şəbəkəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması və sairə nəzərə alınmışdır.
Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il üçün büdcəsinin gəlirləri 567,6 milyon manat, - cari illə müqayisədə 64 milyon manatdan çox, - xərcləri 567,6 milyon manat nəzərdə tutulmuşdur. Büdcənin gəlirinin 400,1 milyon manatı məcburi dövlət sığortası haqlarının, 167 milyon manatı dövlət büdcəsindən ayırmalar (transfer), 500 min manatı isə sair gəlirlər hesabına formalaşacaqdır. Büdcənin xərclərini isə əhalinin pensiya və müavinətləri təşkil edəcəkdir.
Layihənin müzakirəsi zamanı deputatlar dövlətimizin başçısının Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının pensiyasının artırılması ilə bağlı Fərmanını yüksək qiymətləndirmiş və bu artımın ölkəmizin ərazi bütövlüyü uğrunda əlil olanlara, şəhid ailələrinə də şamil edilməsi, işləyən pensiyaçıların pensiyalarının 50 faizinin tutulmaması ilə bağlı təkliflər səsləndirmişlər.
Maliyyə nazirinin müavini Azər Bayramov qaldırılan bəzi məsələlərə aydınlıq gətirmişdir. O demişdir ki, bu gün respublikada kreditlər yalnız banklar vasitəsilə həyata keçirilir, amma gələcəkdə kreditlərin digər maliyyə qurumları tərəfindən verilməsi də mümkündür. Bunun üçün müəyyən mexanizm hazırlanır.
Xaricdə işləyən azərbaycanlıların, eləcə də Azərbaycanda çalışan xarici vətəndaşların pensiya ödənişləri məsələsi ilk dəfə olaraq gələn ildən qanunla tənzimlənəcəkdir. Gələn ildən Azərbaycanda işləyən xarici vətəndaşlardan da sosial ödənişlər tutulacaqdır.
Günün ikinci yarısında deputatlar müzakirələri davam etdirmişlər.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov çıxışlarda qaldırılan məsələlərə aydınlıq gətirmiş, fikir və mülahizələrini bildirmişdir.
Sonra deputatlar “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında” qanun layihəsini müzakirə etmişlər. Bu barədə Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərovun qısa məlumatı dinlənilmişdir. Vergilər nazirinin müavini Natiq Əmirov Vergi Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərin mahiyyəti barədə izahat vermişdir.
Müzakirələr zamanı deputatlar layihə ilə bağlı rəy və təkliflərini, habelə iradlarını bildirmişlər. Sənəd yenidən işlənmək və daha da təkmilləşdirilmək məqsədi ilə işçi qrupuna qaytarılmışdır.
Bununla da Milli Məclisin növbəti iclası öz işini başa çatdırmışdır.