MİLLİ MƏCLİSDƏ AQRAR QANUNVERİCİLİYİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ DAİR MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov müşavirəni açaraq demişdir ki, son 15 ildə Milli Məclisdə aqrar sahə ilə əlaqədar 100-ə yaxın qanun qəbul edilmişdir. Bunların 42-si 1995-ci ildən sonraya təsadüf edir. 1996-cı ildən ölkədə aqrar islahatların həyata keçirilməsinə başlanılmış, 3 milyon 500 min nəfərə torpaq payı verilmişdir. Lakin əvvəlki illərdə qəbul olunmuş qanunların bəziləri indiki tələbə cavab vermir və bəzi daha vacib qanunların qəbuluna ehtiyac vardır. Müşavirədən əsas məqsəd aqrar sahə ilə məşğul olan alimlərin, deputatların və mütəxəssislərin fikirlərini öyrənməkdir.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Kənd Təsərrüfatı Akademiyasının rektoru, akademik Məmmədtağı Cəfərov, kənd təsərrüfatı, maliyyə nazirliklərinin, Dövlət Gömrük Komitəsinin və digər əlaqədar qurumların nümayəndələri çıxış edərək, rəy və təkliflərini söyləmişlər. Bildirilmişdir ki, hazırda respublikada torpaqların 23,5 faizi bələdiyyələrin, 19,6 faizi əhalinin, qalanı isə dövlətin mülkiyyətindədir.
Torpaq islahatlarına başlandıqdan sonra 231 min kolxoz və sovxoz ləğv edilmiş və ya kənd təsərrüfatı nazirliyinin tabeliyinə verilmiş, 865 min ailə torpaq payı almışdır. Hazırda 165 min hektar sahə zəbt edilmişdir. Bu və digər problemləri həll etmək və qarşıya qoyulmuş məqsədə çatmaq üçün “Dövlət torpaqları haqqında”, “Dövlət torpaqlarının idarə olunması haqqında”, “Dövlət ehtiyat fondu torpaqları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və bir sıra digər yeni qanunların qəbulu vacibdir. Kənd təsərrüfatı sahəsində çalışanlara kömək məqsədi ilə dizel yanacağının, gübrələrin güzəştli şərtlərlə satılması üçün proqram hazırlanmasının vacibliyi də vurğulanmışdır.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov müşavirədə iştirak etmiş, tövsiyələrini söyləmişdir.
Müşavirədə səslənən təkliflər əsasında yeni qanunların hazırlanması, mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədəuyğun sayılmışdır.