SİYASƏT
MİLLİ MƏCLİSDƏ QƏBUL
Yanvarın 31-də Milli Məclisin sədri Murtuz Ələsgərov ölkəmizdə səfərdə olan Türkiyənin dövlət naziri Rəşad Doğrunu və onu müşayiət edən şəxsləri qəbul etmişdir.
Milli Məclisin sədri qonaqları səmimiyyətlə salamlayaraq, Rəşad Doğrunun Türkiyə-Azərbaycan müştərək iqtisadi komissiyasının həmsədri vəzifəsində fəaliyyətini yüksək qiymətləndirdi.
Murtuz Ələsgərov Azərbaycan - Türkiyə münasibətlərinin tarixindən söhbət açaraq dedi ki, Türkiyə ölkəmizin dövlət müstəqilliyini tanımış ilk dövlətdir. Dövlətlərimizin başçılarının görüşləri ikitərəfli əlaqələrin dərinləşməsində böyük rol oynamışlar. O vurğuladı ki, Azərbaycan Prezidentinin dəfələrlə dediyi “Biz iki dövlət, bir millətik” sözləri səmimi dostluğumuza parlaq sübütdur.
Murtuz Ələsgərov ikitərəfli əlaqələrin hazırkı vəziyyətinə toxunaraq bildirdi ki, indi bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qalxmışdır. Türkiyə biznesmenlərinin Azərabaycan iqtisadiyyatının müxtəlıif sahələrində uğurlu fəaliyyəti, mədəniyyət və təhsil sahəsində əməkdaşlığın inkişafı, habelə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə Türkiyə ordusunun göstərdiyi yardım qarşılıqlı faydalı əlaqələrin möhkəmlənməsinə kömək edir.
Milli Məclisin sədri ölkəmizdə həyata keçirilən islahatlar, Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarda iştirakı, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasına dair danışıqların gedişi barədə qonaqlara ətraflı məlumat verdi.
Rəşad Doğru səmimi qəbula görə minnətdarlığını bildirdi, Azərbaycan-Türkiyə hökumətlərarası müştərək iqtisadi komissiyasının işi barədə məlumat verdi. Dövlət naziri dedi ki, iqtisadiyyatın inkişafı Qafqaz regionu ölkələrinin sabitliyinin təminatıdır və bu, bütün dünyanın mənafeyinə uyğundur.
Rəşad Doğru ikitərəfli əməkdaşlığın inkişafı məsələlərinə toxunaraq bildirdi ki, ölkələrimizin xalqları üçün öncül istiqamətlərdən biri də parlament üzvlərinin sıx əlaqəsidir. Bu baxımdan, Türkiyə parlamentinin sədri Ömər İzginin fevralın 7-də Azərbaycana nəzərdə tutulmuş rəsmi səfərinin böyük əhəmiyyəti olacaqdır.
Sonda Murtuz Ələsgərov Xocalı faciəsindən, azərbaycanlıların ermənilər tərəfindən soyqırımina məruz qalmasından bəhs edən kitabı Rəşad Doğruya təqdim etdi. Azərbaycan-Türkiyə dostluq qrupunun sədri Anar Rzayev isə xalqlarımızın ümumi əcdadı olan Dədə Qorqud haqqında romanını qonağa hədiyyə etdi.