MİLLİ MƏCLİSƏ SEÇKİLƏRLƏ BAĞLI MOSKVADA ON-LAYN KONFRANSI KEÇİRİLMİŞDİR
Postsovet məkanında ictimai-siyasi proseslərin öyrənilməsi üzrə İnformasiya-Təhlil Mərkəzi direktorunun müavini Aleksey Vlasovun apardığı konfransda Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Ümumrusiya Azərbaycan Konqresi prezidentinin müşaviri Eldar Quliyev, İnformasiya-Təhlil Mərkəzinin “Rusiya-Azərbaycan” xüsusi layihəsinin rəhbəri İsmayıl Ağakişiyev, “Azerros” qəzetinin baş redaktoru Cəmil Sadıqbəyov iştirak etmişlər.
Əli Həsənov Azərbaycanda seçki kampaniyası, seçkilərin ədalətli və şəffaf keçirilməsi üçün Prezident İlham Əliyevin imzaladığı sərəncamlar barədə ətraflı məlumat vermişdir. Xüsusi vurğulamışdır ki, Azərbaycanda parlament seçkilərinə beynəlxalq aləmdə böyük maraq göstərilir, səsvermənin gedişini izləmək üçün əslində, bütün mötəbər beynəlxalq təşkilatlardan müşahidəçilər gəlmişlər. O, Azərbaycan-Rusiya münasibətlərindən danışaraq, bu əlaqələrin ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində yüksək səviyyədə inkişaf etdiyini, son illər isə prezidentlər İlham Əliyevin və Vladimir Putinin məqsədyönlü tədbirləri sayəsində xüsusilə genişləndiyini, ölkələrimiz arasında əmtəə dövriyyəsinin ildən-ilə artdığını xatırlatmışdır.
Konfrans iştirakçıları həm respublikamızdakı daxili siyasi vəziyyətlə, həm də Rusiya-Azərbaycan münasibətləri ilə bağlı bəzi mühüm məsələlər barəsində fikir mübadiləsi aparmışlar.
Aleksey Vlasov görüşə yekun vuraraq demişdir ki, bütün iştirakçılar yekdilliklə Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi üçün böyük imkanlar olduğunu bildirmişlər.