Milli Məclisin deputatı AŞPA-nın komitə iclasında iştirak edəcək
Bakı,20 sentyabr, AZƏRTAC
Milli Məclisin deputatı Sevinc Fətəliyeva AŞPA-nın Sosial məsələlər, səhiyyə və dayanıqlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 21-də Türkiyənin İzmir şəhərinə səfər edəcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə əmək münasibətlərinin yenidən nəzərdən keçirilməsi, uşaq əməyinin aradan qaldırılması, ictimai səhiyyədə vəziyyət, sağlamlığın qorunmasına vahid yanaşma, peyvənd ayrı-seçkiliyinin qarşısının alınması, silahlı münaqişələrin ətraf mühitə təsiri, təbii fəlakətlərin nəticələrinə qarşı mübarizə strategiyaları və digər məsələlərə baxılacaq.
Yığıncaqda, eyni zamanda, Parlament Assambleyasının fəaliyyəti, Avropa Sosial Xartiyasının 2020-2021-ci illər üzrə nəticələri və islahatlar mövzularında fikir mübadiləsi aparılacaq, deputatımız tədbirdə müzakirə olunan məsələlər barədə öz fikirlərini açıqlayacaq.
Səfər sentyabrın 24-də başa çatacaq.