Milli Məclisin Səhiyyə komitəsində Türkiyədən olan nümayəndə heyəti ilə görüş keçirilib
Bakı, 19 mart, AZƏRTAC
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Türkiyə Səhiyyə Nazirliyinin beynəlxalq səhiyyə xidmətləri qurumunun idarə heyətinin sədri Salih Kənan Şahin, əməkdaşları Züleyha Balcı, Üstün Murat Yıldızı, eləcə də Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Hüseyn Böyükfırat ilə görüşüb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə akademik Əhliman Əmiraslanov qonaqlara Azərbaycan səhiyyəsində aparılan islahatlar, görülən işlər barədə məlumat verib. Komitə sədri, həmçinin pandemiya dövründə COVID-19-a qarşı mübarizə tədbirləri haqqında da məlumat verərək, bu işdə ölkəmizə göstərdiyi dəstəyə görə Türkiyə hökumətinə təşəkkürünü bildirib. Görüşdə, həmçinin Türkiyədən olan qonaqlarla icbari tibbi sığortanın tətbiqi, əczaçılıq və səhiyyə sahəsində digər əməkdaşlıqlar barədə müzakirələr aparılıb.