Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsində qadınların rolu əvəzsizdir
Bakı, 7 mart, Səadət Hakıyeva, AZƏRTAC
Azərbaycan qadınları bütün dövrlərdə ölkə cəmiyyətinin ictimai-siyasi həyatında fəal olublar. Ömür-gün yoldaşlarına dayaq olan zəhmətkeş qadınlarımız ailə qayğılarına, övladların tərbiyəsinə dəstək nümayiş etdiriblər.
Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsində Azərbaycan qadınının rolu əvəzsizdir. İllər keçsə də, ölkəmizdə qadına yüksək qiymət verilməsi ənənəsi dəyişməz olaraq qalır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə söyləyib.
Mədəniyyət, elm, təhsil sahələrində qadınların uğurlarından danışan politoloq bildirib ki, maarifpərvər qadınlarımız ölkəmizdə ziyalı cəmiyyətinin formalaşmasında əvəzsiz xidmətlər göstəriblər. Onun sözlərinə görə, millətin saflığının qorunmasında, formalaşmasında qadının, ananın xüsusi rolu danılmazdır.
“Qadın anadır, bacıdır, qız övladıdır. Ana dili, ana Vətən təsadüfən deyilən sözlər deyil. Bu da qadına münasibətin ən bariz göstəricisidir. Cəmiyyətimizdə qadınların rolu getdikcə artır. Fikir versək görərik ki, Milli Məclisə son seçkilərdə qadın namizədlərin sayı rekord həddə (299 nəfər) çatmışdı. Hazırda iqtisadiyyat, elm, mədəniyyət, təhsil, səhiyyə sahələrində çalışan qadınların da sayı artır”, - deyə politoloq vurğulayıb.
Ailədə qadının rolunu yüksək qiymətləndirən İ.Vəlizadə bildirib: “Ailə dəyərlərinin formalaşması məhz qadının adı ilə bağlıdır. Bir faktı demək kifayətdir ki, ölkənin Birinci vitse-prezidentinin zərif cinsin nümayəndəsi olması Azərbaycanda qadına göstərilən diqqət və qayğının, ehtiramın bariz nümunəsidir. Əminəm ki, zaman keçsə də, Azərbaycanda qadına olan hörmət, ehtiram dəyişməz olaraq qalacaq”.