MİLLİ ONKOLOGİYA MƏRKƏZİNƏ ABŞ-IN HUMANİTAR YARDIMI
Milli Onkologiya Mərkəzində Amerika Milli Onkologiya Koalisiyasının humanitar yardımının təqdim edilməsi mərasimi olmuşdur. Yardımı ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “İcmalar və humanitar yardım” proqramı çərçivəsində Amerikanın “Kaunterpart İntənəşnl” təşkilatı gətirmişdir. Mərkəzə 520 min dollar dəyərində müxtəlif tibb avadanlığı - laboratoriya-diaqnostika aparatları, cərrahiyyə masaları, çarpayılar verilmişdir.
“Kaunterpart İntənəşnl”in regional direktoru Mayron Hirniak mərasimdə bildirmişdir ki, təşkilat Azərbaycanda 1997-ci ildən fəaliyyət göstərir və indiyədək 35 milyon dollardan artıq məbləğdə humanitar yardım etmişdir. Əsasən himayədən məhrum olmuş uşaqlara, qaçqınlara və məcburi köçkünlərə, habelə əhalinin aztəminatlı təbəqələrinə yardım göstərilir.
ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilson demişdir ki, amerikalılar şəfqətə ehtiyacı olan insanlara həmişə yardım göstərirlər və Amerika Millı Onkologiya Koalisiyasının həm ayrı-ayrı vətəndaşlardan, həm də şirkətlərdən toplanmış bu humanitar yardımı xəstələrin əzablarını müəyyən dərəcədə yüngülləşdirə bilər. O bildirmişdir ki, ABŞ hökuməti bu avadanlıqdan istifadə metodlarını Mərkəzin tibb heyətinə öyrətmək üçün məşgələlər keçirilməsinə də vəsait ayıracaqdır.
Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev, səhiyyə nazirinin müavini Elsevər Ağayev mərasimdə çıxış edərək, Azərbaycan səhiyyəsinə yardıma görə Amerika hökumətinə təşəkkürlərini bildirmişlər.