“Milli ordu quruculuğu: Heydər Əliyev strategiyasından Müzəffər Zəfərə” mövzusunda görüş
Bakı, 26 iyun, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və partiyanın İsmayıllı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində İsmayıllı rayonunda yerləşən “Qaya” istirahət mərkəzində “Milli ordu quruculuğu: Heydər Əliyev strategiyasından Müzəffər Zəfərə” mövzusunda görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Yeni Azərbaycan Partiyasından məlumat verilib.
Bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Görüşdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, Milli Məclisin deputatı Müşfiq Məmmədli, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva “Heydər Əliyev məktəbi” layihəsinin əhəmiyyətindən bəhs edərək, Azərbaycanın hərbi qüdrətinin formalaşması və şanlı Zəfər tariximizin əsaslarını təşkil edən konseptual məqamları diqqətə çatdırıblar.
Çıxışlarda vurğulanıb ki, Azərbaycanda güclü, nizam-intizamlı və müasir standartlara cavab verən ordu quruculuğunun əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Sovet dövründə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması milli hərbi kadrların hazırlanmasında mühüm dönüş nöqtəsi olub. Müstəqilliyin ilk illərində isə Ulu Öndərin rəhbərliyi ilə dağınıq silahlı dəstələr ləğv edilərək vahid komandanlığa tabe olan nizami ordu formalaşdırılıb və gələcək qələbələrin təməli yaradılıb.
Qeyd olunub ki, Ulu Öndərin müəyyənləşdirdiyi hərbi inkişaf strategiyası son 20 ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilib. Ordunun ən müasir silah və texnika ilə təchiz olunması, hərbi-sənaye kompleksinin inkişafı və döyüş qabiliyyətinin yüksəldilməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordularından birinə çevrilib. 44 günlük Vətən müharibəsində və sonrakı antiterror tədbirlərində tarixi Zəfərin qazanılmasını, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpasını təmin edib.
Natiqlər gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu deyərək vurğulayıblar ki, Müzəffər Zəfəri qazanan gənclik bu gün azad edilmiş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” prosesində elmi, intellektual və quruculuq potensialı ilə fəal iştirak etməlidir. Eyni zamanda, YAP gənclərinin informasiya məkanında və rəqəmsal platformalarda dövlət maraqlarının müdafiəsində daha fəal rol oynamasının vacibliyi diqqətə çatdırılıb.
Diskussiya zamanı gənclər mövzu ilə bağlı fikirlərini bölüşərək fəal müzakirələr aparıblar.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.
Panel müzakirələrindən sonra praktiki idarəetmə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Krizis menecmenti” adlı interaktiv oyun təşkil olunub.
İnteraktiv proqramın davamı olaraq layihə iştirakçıları üçün sosial və ekoloji məzmunlu ekskursiyalar təşkil edilib. Gənclər əvvəlcə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzini ziyarət edərək burada göstərilən sosial, psixoloji və reabilitasiya xidmətləri ilə yaxından tanış olublar.
Daha sonra layihə iştirakçılarının Şahdağ Milli Parkının İsmayıllı bölməsinə ekoloji ekskursiyası baş tutub.