Milli sərhədlər əhalini qlobal istiləşmənin fəsadlarından və təhlükəli epidemiyalardan qoruya bilməz
Bakı, 16 iyun, AZƏRTAC
Milli sərhədlər əhalini iqlim dəyişmələrinin fəsadlarından, yoluxucu xəstəliklərdən və ya iqtisadi fəlakətlərdən qoruya bilməz. Bizim problemlərimiz qlobal xarakter daşıyır, buna görə də onların həlli beynəlxalq birliyin kollektiv cəhdlərini tələb edir.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, bunu BMT-nin baş katibi Pan Gi Mun Brüsseldə Avropa İnkişaf Günlərinə həsr edilən forumda bəyan edib. Avropa İnkişaf Günləri tədbirləri artıq on ildir ki, keçirilir.
Pan Gi Mun son on ildə inkişaf məqsədilə, o cümlədən səhiyyə və təhsil sahələrində qlobal tərəfdaşlıq çərçivəsində əldə edilmiş uğurları qeyd edib. O, bununla yanaşı, qarşıda bir çox vəzifələrin olduğunu vurğulayıb və avropalıları 2030-cu ilədək davamlı inkişaf sahəsində gündəlikdə duran məsələləri həll etməyə çağırıb. O deyib: “Davamlı inkişafın məqsədləri müvafiq sahədə zəmanəmizin əsas problemlərini, o cümlədən yoxsulluq, aclıq, təhsil, bərabərsizlik, həmçinin səhiyyə, su və sanitar xidmətlərinin əlçatan olması ilə bağlı məsələləri, eləcə də iqlim dəyişməsinə aid problemləri həll etməyə yönəlib”.
Pan Gi Mun dünyada qlobal istiləşmənin fəsadlarını - Böyük Baryer rifində mərcan koloniyalarının rənginin solmasını, Arktikada temperaturun kəskin yüksəlməsini, meşə yanğınlarını və daşqınları xatırlayaraq dövlətləri iqlim üzrə Paris Sazişinin ratifikasiyasını sürətləndirməyə çağırıb.
Sosial dəyişiklikdən danışan Pan Gi Mun avropalılara bərabərsizliyə və gənclər arasında işsizliyin yüksək səviyyəsinə qarşı mübarizə aparmağı, cinslər arasında bərabərliyə nail olmağı, yoxsulları iqtisadi fəlakətlərin fəsadlarından qorumağı təkidlə tövsiyə edib.