MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNDƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, yanvarın 6-da milli təhlükəsizlik naziri, general-mayor Eldar Mahmudov Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə keçirilən bayram tədbirlərində iştirak etmək üçün Bakıya gəlmiş Amerika-Azərbaycan Cəmiyyətinin prezidenti, Azərbaycan Demokratik Respublikasının ilk təhlükəsizlik orqanına rəhbərlik etmiş Nağı Şeyxzamanlının nəvəsi Tomris xanım Azəri ilə görüşmüşdür.
Nazir Eldar Mahmudov qonağı səmimi salamlayaraq, ilk milli təhlükəsizlik orqanının rəhbəri olmuş Məmmədbağır və Nağı Şeyxzamanov qardaşlarının yadigarı Tomris xanım Azərini Azərbaycanda görməkdən çox məmnun olduğunu bildirmişdir.
Nazir ötən əsrin əvvəllərində Amerikaya mühacirət etmiş azərbaycanlılar tərəfindən 1958-ci ildə ABŞ-ın Nyu-Cersi ştatında yaradılan Amerika-Azərbaycan Cəmiyyətinin hər iki dövlətin və onun xalqları arasında münasibətlərin daha da genişlənməsi və inkişaf etməsi sahəsində gördüyü işləri yüksək qiymətləndirmişdir. Nazir Eldar Mahmudov ölkəmizə qarşı Ermənistan tərəfindən yeridilən dövlət terrorçuluğu və təcavüzkar separatçılıq siyasəti və onun ağır nəticələri barədə Amerika ictimaiyyətinə dürüst və ətraflı məlumatların çatdırılması istiqamətində Tomris Azərinin fəaliyyətini xüsusi qeyd etmişdir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti barədə qonağa məlumat verən nazir Eldar Mahmudov, erməni əsirliyində qalmış soydaşlarımızın vətənə qaytarılması üçün xaricdəki diasporlarımızın imkanlarından daha səmərəli istifadə olunmasının vacibliyini vurğulamışdır.
Tomris Azəri səmimi qəbula görə təşəkkürünü bildirərək, onun Milli Təhlükəsizlik Nazirliyində qəbul edilməsindən qürur və şərəf duyduğunu söyləmişdir. O, artıq hər il dekabrın 31-nin dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlılar tərəfindən həmrəylik günü kimi qeyd edilməsinin ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidməti olduğunu diqqətə çatdırmışdır.
Görüşdə Tomris xanım Azəri rəhbərlik etdiyi cəmiyyətin fəaliyyəti, ABŞ və Azərbaycan xalqları arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün gələcək planları barədə ətraflı məlumat vermişdir.