Millinin qapıçısı: Rumıniya və Niderlanda qalib gəlib digər oyunların nəticələrini gözləməliyik - MÜSAHİBƏ
Bakı, 13 dekabr, AZƏRTAC
Futzal üzrə Azərbaycan millisinin qapıçısı Emin Kürdov AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.
- Milli komanda DÇ-2024-ün elit mərhələsində Rumıniya və Niderland yığmaları ilə qarşılaşacaq. Bu oyunlara necə hazırlaşırsınız?
- Dekabrın 11-dən hazırlıqlara başlamışıq. Heyətə yeni gənc oyunçular cəlb olunub. Sevindirici hal odur ki, onlar da bizimlə birlikdə bu matçlarda oynamaq şansı əldə edəcəklər. İki gün sonra bizi Rumıniya ilə çətin oyun gözləyir. İnanıram ki, gənclərin də köməyi ilə doğma meydanda qələbə qazanıb xalqımızı sevindirəcəyik. Niderlanda da qalibiyyət üçün getmək arzusundayıq.
- Komandadakı əhvali-ruhiyyə necədir?
- Hər şey yaxşıdır. Heyətimizdə "Neftçi" və "Baku Fire" komandalarından oyunçular da var. Bir-birimizi çox yaxşı tanıyırıq. Hədəfimiz qarşıdakı görüşlərdə qalib gəlməkdir.
- UEFA oyunçu milliləşdirilməsində yol verilən qayda pozuntusuna görə Rumıniya millisinin aktivindən 4 xalını silib. Bu amilin rəqibə psixoloji olaraq təsir edəcəyini düşünürsünüz?
- Bəli, eşitdiyimə görə onların xalları silinib. Rumıniya seçməsində milliləşdirilmiş beş oyunçu var idi. Ancaq bizimlə matça iki əcnəbi futzalçısı çıxacaq. Onlarda da vəziyyət bizdəki kimidir. Üstünlüyümüz doğma azarkeşlər önündə oynamağımızdır. Rəqibin həyətindəki oyunçular bizdən təcrübəlidirlər. Səbəb isə bir yerdə daha çox oynamalarıdır. Amma düşünürəm ki, şanslar bərabərdir.
- Azərbaycan millisinin qrupdakı şanslarını necə qiymətləndirirsiniz?
- Taleyimiz öz əlimizdə deyil. Beş qrup var. Ən yaxşı göstəriciyə malik dörd qrup ikincisi pley-offa vəsiqə qazanacaq. Qarşıdakı oyunlarda qələbə qazanıb digər nəticələri gözləməliyik.
- Rövşən Hüseynli ilə birlikdə yığmanın ən təcrübəli iki üzvündən birisiniz. Aranızdakı rəqabət barədə nə deyə bilərsiniz?
- Çox sevinirəm ki, yığmada iki təcrübəli qapıçı var. Rəqabətin olması yığmanın inkişafına təsir edən amildir. Rövşənlə rəqabət yalnız meydandadır.
- Təcrübəli oyunçu kimi Azərbaycan futzalının hazırkı durumunu necə dəyərləndirirsiniz?
- Ölkə çempionatında komanda sayı az olsa da, rəqabət var. Klublar arasında xal fərqi çox deyil. Təbii, klub sayının çox olmasını istərdik. Çünki yerli oyunçuların yetişməsi üçün liqanın güclü olması vacibdir. Ölkə futzalında istedadlı oyunçular çoxdur. Onların üzərində işləmək lazımdır.