Mingəçevir Turizm Kollecində “Heydər Əliyev və müstəqilliyimiz” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir
Mingəçevir, 18 oktyabr (AZƏRTAC). Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi ikinci ildönümü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, kollecin Heydər Əliyev adına ideoloji mərkəzində “Heydər Əliyev və müstəqilliyimiz” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.
Tədbirdə kollecin direktoru, professor Əyyub Əyyubov Azərbaycan xalqının istiqlal tarixindən söhbət açmışdır. O, dövlət müstəqilliyimizin möhkəmlənməsində ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı əvəzsiz xidmətlərini, dahi şəxsiyyətin dövlətçilik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Elmi-nəzəri konfransda “Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi və dövlət müstəqilliyimizin möhkəmləndirilməsi”, “Müstəqilliyimiz əbədi və sarsılmazdır”, “Müstəqilliyimizin dünya dövlətləri tərəfindən tanınması və beynəlxalq əlaqələrimizin genişləndirilməsi”, “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “Azərbaycanın turizm sektorunun müstəqillik dövründə inkişafı” mövzularında məruzələr dinlənilmişdir.
Kollecin müəllim və tələbə heyəti 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə təşkil olunmuş ümumşəhər iməciliyində də iştirak etmişdir. Həmçinin kollecin tədris qrupları arasında inşa yazı müsabiqəsi keçirilmiş və divar qəzetləri hazırlanmışdır. Kollecin tələbə gənclər təşkilatının fəal iştirakı ilə Dövlət Müstəqilliyi Gününə həsr olunan diskussiya da aparılmışdır. Müəllim və tələbələrin iştirakı ilə Azərbaycanın müstəqilliyi mövzusunda intellektual yarış keçirilmiş, qaliblərə hədiyyələr verilmişdir.