Mingəçevir Turizm Kollecinin maddi-texniki bazası gücləndirilir
Mingəçevir, 29 mart (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin Mingəçevir Turizm Kollecinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülür.
Təhsil ocağının direktoru, professor Əyyub Əyyubov AZƏRTAC-a bildirmişdir ki, kollecin üçmərtəbəli tədris binasında əsaslı təmir işləri aparılmış, həyətində isə 180 yerlik 7 sinif otağının inşası başa çatdırılaraq istifadəyə verilmişdir. Kollecdə 25 kompyuterlik daha bir sinif otağı yaradılmışdır. Hazırda təhsil müəssisəsində 95 kompyuterlik 3 sinif otağı mövcuddur. Cari ildə daha 25 kompyuterin alınması nəzərdə tutulur. Ümumilikdə 2.375 şagirdin təhsil aldığı kollecdə 13 ixtisas üzrə tədris aparılır və 20 fənn kabineti fəaliyyət göstərir.
Cari tədris ilində kollecdə ilk dəfə olaraq semestr imtahanlarının 100 ballıq sistemlə qiymətləndirilməsinə başlanılmış, Təhsil Nazirliyinin akkreditasiya yoxlamaları zamanı bu təhsil ocağının fəaliyyəti yüksək qiymətləndirilərək ona növbəti 5 il üçün lisenziya verilmiş, kollecin müəllimləri Azərbaycan Turizm İnstitutunda, Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kurslarında iştirak etmişlər.
Cari ildə təhsil ocağında ilk dəfə olaraq elektron siniflərin, fizika, kimya və biologiya kabinetlərinin yaradılması nəzərdə tutulur.