Mingəçevir Turizm Kollecinin müəllim və tələbələri Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda olublar
Qəbələ, 16 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Mingəçevir Turizm Kollecinin Muzey işi və abidələrin mühafizəsi ixtisası üzrə təhsil alan tələbələri və bir qrup müəllimi Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzini ziyarət ediblər.
Qoruqdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, qonaqlar əvvəlcə qoruğun tarixi məkanlarından olan Səlbir və Qala ərazilərində aparılmış arxeoloji qazıntı sahələri ilə tanış olublar. Onlara Qəbələ Arxeoloji Ekspedisiyasının iştirakı ilə burada aparılmış arxeoloji qazıntılar, arxeoloqlar tərəfindən aşkar olunan tapıntılar barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.
Qəbələ Arxeoloji Mərkəzlə tanışlıq zamanı diqqətə çatdırılıb ki, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, təşkilatçılığı və maliyyə dəstəyi ilə inşa olunan bu Mərkəz 2014-cü il sentyabrın 22-də açılıb. Arxeoloji Mərkəzin nəzdində laboratoriya, konfrans zalı, kitabxana, arxeoloji fond, 2 sərgi salonu, həmçinin tədqiqatçıların istirahəti üçün 24 qonaq otağı mövcuddur.
Məlumat verilib ki, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ərazisində dövrü olaraq aparılan arxeoloji qazıntılardan əldə olunan maddi-mədəniyyət nümunələri respublikamızda yeganə olan Qəbələ Arxeoloji Mərkəzdəki müasir laboratoriyada ətraflı tədqiq edilir, daha sonra sərgi salonlarında turistlər üçün sərgilənir.
Mingəçevir Turizm Kollecinin müəllim və tələbələri Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar.