“Minsk 2019”: Karateçimiz Rafael Ağayev Azərbaycanın aktivinə növbəti gümüş medalı yazdırıb
Minsk, 30 iyun, AZƏRTAC
İyunun 30-da “Minsk 2019” ikinci Avropa Oyunlarında karate yarışlarının sonuncu görüşündə Azərbaycan karateçisi Rafael Ağayev (75 kq) finalda ukraynalı Stanislav Horuna ilə üz-üzə gəlib.
AZƏRTAC xəbər verir ki, görüşdə məğlub olan R.Ağayev ikinci Avropa Oyunlarında Azərbaycanın aktivinə 10-cu gümüş medalı yazdırıb. Bu, Azərbaycan karateçilərinin “Minsk 2019”da beşinci medalı olub. Belə ki, bu görüşə qədər karateçilərimizdən Asiman Qurbanlı (+84 kq) qızıl, İrina Zaretska (68 kq), Firdovsi Fərzəliyev (60 kq) gümüş, Roman Heydərov (kata) isə bürünc medal qazanıblar.
Xatırladaq ki, R.Ağayev qrup mərhələsindəki birinci görüşdə britaniyalı Co Kellaueyi 3:2 hesabı ilə məğlubiyyətə uğradıb. İkinci qarşılaşmada türkiyəli Erman Eltemuru minimal hesabla məğlub edən karateçimiz sonuncu görüşdə macarıstanlı Qabor Harspataki ilə xalsız heç-heçə edib. Bununla da qrupu birinci sırada başa vuraraq yarımfinala yüksələn R.Ağayev finala vəsiqə uğrunda qarşılaşmada estoniyalı Pavel Artamonova 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, beşqat dünya, 11 dəfə Avropa çempionu olan Rəfael Ağayev iki dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi adını qazanıb. O, həmçinin “Bakı 2015” birinci Avropa Oyunlarının çempionu olub.
Beləliklə, “Minsk 2019” ikinci Avropa Oyunlarında 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28 medal qazanaraq komanda hesabında 10-cu yerdə qərarlaşıb. Medalların 5-i qızıl, 10-u gümüş, 13-ü isə bürüncdür.
Xatırladaq ki, üçüncü Avropa Oyunları 2023-cü ildə Polşanın Krakov şəhərində keçiriləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk