MƏDƏNİYYƏT
Minskdə IX Belarus Beynəlxalq Mediaforumu işə başlamışdır VİDEO
Minsk, 10 iyun (AZƏRTAC, Elşən Şahbalayev). İyunun 10-da Minskdə IX Belarus Beynəlxalq Mediaforumunun rəsmi açılışı olmuşdur.
AZƏRTAC-ın xüsusi müxbiri Belarus paytaxtından xəbər verir ki, açılış mərasimində Belarus Baş nazirinin müavini Anatoli Tozik Prezident Aleksandr Lukaşenkonun mediaforum iştirakçılarına təbrik məktubunun mətnini oxumuşdur.
Məktubda qeyd edilir ki, bu gün, informasiya məkanının qloballaşması şəraitində məsuliyyətli, vicdanlı jurnalistikaya tələbat xüsusilə artmışdır. Prezident Lukaşenkonun məktubunda deyilir: “Sizin sözünüz dövlətləri və xalqları yaxınlaşdırmalı, ixtilaf və düşmənçilik çağırışlarına qarşı çıxmalı, quruculuq və sülh naminə konstruktiv dialoqun tənzimlənməsinə kömək etməlidir”.
Forumun açılışında Belarus informasiya nazirinin birinci müavini Liliya Ananiç, İttifaq Dövlətinin dövlət katibi Qriqori Rapota, Belarus Jurnalistlər İttifaqının sədri Anatoli Lemeşenok və başqaları da çıxış etmişlər.
Forumda dövlət xadimləri və ictimai xadimlər, media ekspertləri, politoloqlar, iqtisadçılar, elm və incəsənət xadimləri, 26 ölkəni təmsil edən aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və nümayəndələri, o cümlədən Azərbaycan Dövlət Teleqraf Agentliyinin – AZƏRTAC-ın nümayəndəsi də iştirak edir.
Forumun təşkilatçıları qismində Belarus İnformasiya Nazirliyi, İttifaq Dövlətinin Daimi Komitəsi, MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Belarus Jurnalistlər İttifaqı çıxış edir.
Rəsmi açılış mərasimindən sonra forum öz işini “Münaqişələrin və müharibələrin qarşısının alınmasında beynəlxalq birliyin rolu”, “Çoxqütblü dünya kontekstində dünya kommunikasiyaları” və başqa mövzulara həsr olunmuş panel sessiyalarında davam etdirmişdir.