Minskdə “MDB üçün 100 ideya” Beynəlxalq Gənclər Layihəsinin finalı keçiriləcək
Minsk, 8 aprel, AZƏRTAC
Aprelin 14-də Belarus Milli Kitabxanasında “MDB üçün 100 ideya” Beynəlxalq Gənclər Layihəsinin yekunlarına əsasən ən yaxşı işlərin sərgi-təqdimatı çərçivəsində layihənin finalçı və qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək. Bu barədə AZƏRTAC-a MDB-nin Minskdəki İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Birliyin yaradılmasının 25 illiyinə həsr edilmiş “MDB üçün 100 ideya” Beynəlxalq Gənclər Layihəsi MDB iştirakçısı olan dövlətlərin Gənclər Məsələləri üzrə Şurasının təşəbbüsü və MDB İcraiyyə Komitəsinin dəstəyi ilə keçirilir. Layihənin məqsədi Birlik ölkələrində, o cümlədən Azərbaycanda gəncləri iqtisadiyyatın perspektivli innovasiyalı inkişafı, MDB dövlətlərinin elmi-innovasiya və sosial-iqtisadi sahələrinin inkişafı məsələlərinin həllinə cəlb etməkdir.
Layihənin əsas vəzifələri praktiki baxımdan maraqlı və əhəmiyyətli innovasiya ideya və layihələrini üzə çıxarmaq və tətbiq etmək, müxtəlif ölkələrdə ümumi maraq dairəsi, müvafiq yaradıcı və ya akademik qabiliyyətləri olan gənclərin nümayəndələri arasında əlaqələr yaratmaq və inkişaf etdirmək, gənclik mühitində işgüzar innovasiya mədəniyyətinin formalaşmasına kömək etməkdir.
Milli Kitabxanada keçiriləcək sərgiyə Minskdə akkreditə edilmiş diplomatik korpusun nümayəndələri, o cümlədən Azərbaycan səfirliyinin əməkdaşları, Belarusda təhsil alan əcnəbi tələbələr dəvət edilib. Sərgidə gənclərin 30-dan çox innovasiya layihəsi təqdim ediləcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk