“Miqrasiya məktəbi-5” layihəsi çərçivəsində növbəti təlimlər keçirilib
Bakı, 6 aprel, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində keçirilən “Miqrasiya Məktəbi-5” layihəsi üzrə təlimlər davam etdirilir.
DMX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə növbəti təlimlər DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İsgəndərli, “Miqrasiya Könüllüsü” İctimai Birliyinin sədri Arzu Məmmədova, DMX-nin əməkdaşları - Rüfət Əliyev, Sahib İsmayılov, Yenilə Əzimli, İslam Hidayətov tərəfindən keçirilib.
Təlimlər “Miqrasiyanın idarə edilməsində qeyri-hökumət təşkilatlarının rolu”, “Liderliyin sirləri”, “Könüllülük hərəkatı - “Miqrasiya Könüllüsü” İctimai Birliyinin nümunəsində”, “Qaçqın və sığınacaq məsələləri”, “Vətəndaşlıq məsələləri”, “Readmissiya və reinteqrasiya” və “İnzibati Xətalar Məcəlləsi - (miqrasiya sahəsində hüquqpozmalar)” mövzularına həsr olunub.
Təlim iştirakçılarına dövlət və cəmiyyət arasındakı əlaqələrdə qeyri-hökumət təşkilatlarının rolu, liderlik bacarıqları, xüsusiyyətləri və üslubları, “Miqrasiya Könüllüsü” İctimai Birliyinin prioritet istiqamətləri, həyata keçirilən layihələr, qaçqın və sığınacaq axtaran şəxslərin təhsil, məşğulluq, sosial hüquqları, vətəndaşlığa qəbul, bərpa, xitam, ölkəyə readmissiya olunan şəxslərin cəmiyyətə reinteqrasiyası ilə bağlı görülən işlər və miqrasiya qanunvericiliyinin pozulmasına görə məsuliyyət barədə məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xatırladaq ki, altı ay davam edəcək layihənin əsas məqsədi gələcəkdə müxtəlif sahələrdə fəaliyyət göstərəcək gənclərin miqrasiya ilə bağlı biliklərini artırmaq, onlarda bu sahəyə maraq oyatmaq, peşəkar vərdişlər aşılamaq və dövlət idarəçiliyinə dair məlumatlandırmaqdır.