MİSİR ƏRƏB RESPUBLİKASINDA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLİR
Noybrın 10-da mədəniyyət naziri, xalq artisti Polad Bülbüloğlunun rəhbərliyi ilə 70 nəfərdən ibarət nümayəndə heyətini Qahirənin hava limanında ölkəmizin Misir Ərəb Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov və MƏR-in mədəniyyət nazirinin müavini Ş.Şübəsi yüksək qonaqpərvərlik və mehribanlıqla qarşılamışlar.
Həmin gün Polad Bülbüloğlu misirli həmkarı Faruq Əl-Hüsni ilə görüşmüşdür. Söhbət zamanı ölkələrimiz arasında mədəni əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuşdur. Danışıqlarda Misir və Azərbaycan sənətçilərinin qarşılıqlı qastrol səfərlərinin, müştərək festival və müsabiqələrin, kino sahəsində əməkdaşlığın, habelə, xalqlarımızın milli mədəniyyətini əks etdirən digər tədbirlərin həyata keçirilməsinin zəruriliyi vurğulanmışdır. Bu baxımdan, Misirdə Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsinin xüsusi əhəmiyyəti nəzərə çarpdırılmış, Azərbaycan incəsənət ustalarının çıxışlarının maraqla qarşılanacağına əminlik ifadə olunmuşdur.
Sonra hər iki mədəniyyət nazirinin iştirakı ilə mətbuat konfransı keçirilmiş, jurnalistlərin çoxsaylı sualları ətraflı cavablandırılmışdır.