Misirdə karantin rejimində yaşayan insanlar üçün mədəniyyət və turizm tədbirləri təşkil edilir
Qahirə, 8 aprel, AZƏRTAC
COVID-19 pandemiyası ilə bağlı elan edilmiş karantin rejimi şəraitində Misirin Mədəniyyət, həmçinin Turizm və Qədim Abidələr nazirlikləri sosial şəbəkələrdə və öz rəsmi saytlarında yerli sakinlər, habelə bütün dünyada bu ölkənin tarixi irsi və mədəniyyətini sevənlər üçün turizm səyahətləri və konsertlər təşkil edirlər.
AZƏRTAC xəbər verir ki, Misirin Mədəniyyət Nazirliyi özünün “YouTube” kanalında Yaxın Şərqin ən tanınmış opera müğənnisi, mərhum Ümm Gülsümün ifa etdiyi ariyalardan ibarət holoqram konserti, canlı yayımda müasir incəsənət ustaları Fərrah Dibani, Əli Həqqar, Angham və digərlərinin çıxışlarını təqdim edib. Bundan başqa, Misir İncəsənət Akademiyası ölkənin mədəni irsinə həsr olunmuş videokonfrans da keçirib. Mədəniyyət Nazirliyi gənc aktyorlar üçün "Xəyallarını onlayn rejimdə gerçəkləşdir" adlı rəqəmsal treninq platforması da təşkil edib.
Misirin Turizm və Qədim Abidələr Nazirliyi isə ayrı bir “YouTube” kanalında Qədim Misir abidələrinə, arxeoloji məskənlərə və muzeylərə virtual ekskursiyalar təşkil edir. Son günlər bu çərçivədə Böyük Qahirə Muzeyi, Luksordakı fironların sarayı, Bəni Həsən məzarlığı, Misir İncəsənət Muzeyi, Əl Muizdə yerləşən Sultan Barquq Məscidi və digər turistik məkanlara virtual səyahət turları təşkil olunub.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə