Misirdə Ulu Öndərin əziz xatirəsi anılıb
Bakı, 15 dekabr, AZƏRTAC
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Misirin Qalyubiyyə vilayətinin Qanatır əl-Xeyriyyə şəhərində yerləşən Misir-Azərbaycan Dostluq Parkında tədbir keçirilib.
Ölkəmizin Misirdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Qalyubiyyə vilayətinin qubernatoru Əbdülhəmid Əl-Həccən, Qanatır şəhər bələdiyyəsinin üzvləri, Azərbaycan icması, xarici ölkələrin tələbələri, yerli mətbuat nümayəndələri və misirli ziyalılar iştirak ediblər.
Tədbir iştirakçıları xalqımızın Ümummilli Liderinin əziz xatirəsini ehtiramla yad edərək onun heykəli önünə gül dəstələri qoyub, Misir-Azərbaycan Dostluq Parkında yerləşən kitabxanada Ulu Öndər Heydər Əliyevə və Azərbaycana həsr edilmiş materiallarla tanış olublar.
Burada çıxış edən səfir Elxan Poluxov Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, o cümlədən “Heydər Əliyev İli" çərçivəsində Misirdə keçirilən silsilə tədbirlər haqqında geniş məlumat verib, Ulu Öndərin yaşadığı mənalı ömür yolu, onun dövlətçiliyimiz uğrunda apardığı mübarizə haqqında danışıb. O, Azərbaycanın Misirlə əlaqələrinin inkişafında Heydər Əliyevin roluna toxunaraq, Ulu Öndərin uzaqgörənliyinin iki xalqın birgə addımlar atmağa imkan verdiyini bildirib. Səfir Azərbaycan-Misir əlaqələrinin perspektivləri və bu istiqamətdə atılan addımlardan da bəhs edib, Prezident İlham Əliyevin 2007-ci ildə Misirə və Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin cari ilin 28 yanvar tarixində Azərbaycana səfərlərinin bu siyasətin uğurla davam etməsinin əyani sübutu olduğunu vurğulayıb. E.Poluxov, həmçinin Misirdə keçirilmiş prezident seçkilərinin uğurla başa çatması münasibətilə təbriklərini çatdırıb.
Qalyubiyyə vilayətinin qubernatoru Ə. Əl-Həccən ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəyə olduğunu qeyd edərək, əlaqələrin inkişafında Heydər Əliyevin xüsusi rol oynadığını, buna görə də onun Misirdə həmişə xoş xatirələrlə yad edildiyini vurğulayıb və son zamanlar həyata keçirilən rəsmi səfərlərin əhəmiyyətindən söhbət açıb.
Misirdəki Azərbaycan icmasının rəhbəri Seymur Nəsirov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan rəhbər kimi yaşadığını, onun müdrik siyasətinin Azərbaycanı daim inamla irəliyə apardığını qeyd edib, xalqımız üçün ən həlledici anlarda dahi siyasətçinin liderlik keyfiyyətləri və uzaqgörənliyinin dövlətçiliyimizi qorumağa və xalqımızı böyük bəlalardan xilas etməyə imkan verdiyini vurğulayıb.
Sonda tədbir iştirakçıları parkda yerləşən kitabxanada Azərbaycana aid guşə və misirli uşaqların Azərbaycan və Ümummilli Lider Heydər Əliyevə həsr etdikləri rəsm sərgisi ilə tanış olublar.
Tədbir yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb, bir çox yerli mətbuat orqanları tərəfindən geniş işıqlandırılıb.