Misirli alim azərbaycanlıların İslam irsinin qorunmasında rolu mövzusunda elmi əsər yazıb
Qahirə, 16 aprel, AZƏRTAC
Misirin Zakaziq Universitetinin Asiya Tədqiqatları İnstitutunun dinlərarası müqayisə bölməsinin alimi Məhəmməd İmam Əldərinin “Azərbaycan müsəlmanlarının İslam irsinin qorunmasında rolu (1870-1991)” adlı tədqiqat əsəri tezliklə kitab halında işıq üzü görəcək.
Tədqiqatçı-alim AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində bildirib ki, elmi əsərin girişində Azərbaycanın zəngin mədəniyyəti, tarixi və müasir inkişafı haqqında müfəssəl məlumat yer alıb. O qeyd edib ki, istər çar Rusiyası, istərsə də SSRİ-nin tərkibində olduğu dövrlərdə Azərbaycanda İslam kimliyinin qorunub saxlanılmasına xüsusi diqqət yetirilib. “Mənim elmi əsərimdə Azərbaycanın qədim şəhərləri haqqında məlumat yer alıb. Eyni zamanda, Azərbaycan alimləri Xətib Təbrizi, Əhməd Bərdəli, Əli Ərdəbilinin əsərlərinə müraciət etmişəm. İstəyirəm ki, ərəb aləmində sizin xalqın orta əsrlərdə qazandığı elmi nailiyyətlər barədə daha geniş təsəvvür olsun. Lakin tədqiqatımın ana xətti Azərbaycan xalqının İslam kimliyini qoruması, hətta ateizmi təbliğ edən sovet sistemində belə müsəlman dəyərlərini uca tutmasıdır. Ölkənizin müxtəlif yerlərində dövlət tərəfindən mühafizə edilən məscidlər, İslam abidələri xalqınızın inancının bir parçasıdır”.
Elmi əsərinin mövzusunun niyə məhz Azərbaycan xalqı olduğu barədə sualı cavablandıran misirli alim deyib: “Mən hələ SSRİ dövründə oradakı müsəlman xalqları ilə yaxından maraqlanırdım. Müşahidələrim belə qənaətə gəlməyə əsas verdi ki, həmin vaxtlarda ən çox zülmə, vəhşiliyə məruz qalan məhz azərbaycanlı müsəlmanlar olub. Azərbaycan xalqına qarşı törədilən repressiyalar, 20 Yanvar qırğını, 31 Mart və Xocalı soyqırımlarını xatırlatmaq istəyirəm. Bu qəddarlığın əsas səbəblərindən biri də azərbaycanlıların müsəlman kimliyidir. Mən 20 Yanvar faciəsi zamanı əliyalın azərbaycanlıların dünyanın ən güclü imperiyalarından birinin ordusuna qarşı sarsılmaz iradə nümayiş etdirdiyini də gördüm. Bu xəbərləri həm dərin hüznlə izləyir, həm də xalqınızın qəhrəmanlığına heyran olurdum. Məhz bu cür millətin igid oğulları ötən il 44 gün ərzində torpaqları işğaldan azad etməyə qadir ola bilərdi. Diqqətimi cəlb edən daha bir məqam Azərbaycanın elm və mədəniyyətin beşiyi olmasıdır. Sizin xalçalarınız həmişə ərəb şəhərlərində məşhur olub. Öz əsərimdə azərbaycanlı, ərəb alimlərlə yanaşı, Qərb tədqiqatçılarının da, xüsusən qafqazşünas Tadeuş Svetoxovskinin Kembric Universitetində nəşr olunmuş Rusiyada azərbaycanlıların müsəlman kimliyinə dair kitabından istifadə etmişəm.
M.İ.Əldəri sonda qeyd edib ki, ən böyük arzusu Azərbaycana səfər etmək, ölkəmizdəki ərəbşünas alimlərlə görüşlər keçirməkdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə