Missuri Universitetinin nümayəndələri ilə “Qafqaz kəsilişi” layihəsinin icra vəziyyətinə dair müzakirələr aparılıb
Bakı, 1 iyun, AZƏRTAC
ABŞ-ın Missuri Universitetinin professoru Erik Sandvol və universitetin elmi işçisi Oğuzxan Yalvac “Qafqaz kəsilişi” layihəsi çərçivəsində görülən işlərin hazırkı vəziyyəti ilə tanışlıq məqsədilə Azərbaycana gəliblər.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qonaqlar iyunun 1-də mərkəzin Monitorinq Mərkəzində olublar. “Qafqaz kəsilişi” layihəsinin icra vəziyyətinə dair aparılan müzakirələrdə zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, Zəlzələlərin tədqiqatı bürosunun rəisi, yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, büro rəisinin müavini, sistem administratoru Ruqiyyə Kərimova və müvafiq şöbələrin əməkdaşları iştirak ediblər.