“Modifikasiya olunmuş narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması” mövzusunda təlim keçirilir
Bakı, 2 may, AZƏRTAC
Mayın 2-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Modifikasiya olunmuş narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması” mövzusunda təlim başlayıb.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, təlimdə DGK sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov, Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə Administrasiyasının nümayəndələri və Komitənin aidiyyəti strukturlarının 40-dan çox əməkdaşı iştirak edir.
Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə Administrasiyasının təşkilatçılığı ilə keçirilən təlimin məqsədi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizəni gücləndirmək, təcrübə mübadiləsi aparmaq, uğurlu metodları müzakirə etmək, gömrük əməkdaşlarının bu istiqamətdə potensialını, bilik və bacarıqlarını artırmaqdır.
Tədbirin açılışında İsmayıl Hüseynov çıxış edərək Azərbaycan gömrük xidmətinin hüquqi bazasından, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarından, beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilən uğurlu nəticələrdən danışıb.
Çıxış edənlər tədbirin əhəmiyyətindən söhbət açaraq iştirakçılara uğurlar diləyiblər.
Mayın 4-dək davam edəcək təlimdə beynəlxalq ekspertlər modifikasiya olunmuş narkotik vasitələrin dövriyyəsinin qarşısının alınmasına dair biliklərini paylaşmaqla yanaşı, gömrük işi ilə bağlı təcrübələrini də müxtəlif təqdimatlarla nümayiş etdirəcəklər. Təlimdə, həmçinin yerli təcrübələr və əməliyyatlarla bağlı çıxışlar da nəzərdə tutulur.
Yekunda gömrükçüləri maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılacaq, iştirakçılara sertifikatlar təqdim ediləcək.