MOK-UN İCLASINDA PEKİN OLİMPİADASINA HAZIRLIĞIN GEDİŞİ MÜZAKİRƏ OLUNMUŞDUR
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında bildirmişdir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra idmançılarımız üç Olimpiadada iştirak etmişlər. Əgər ölkəmizin ilk dəfə təmsil olunduğu Atlanta Olimpiadasında azərbaycanlı idmançı bir medal qazanmışdısa, komandamız Afinada keçirilən sonuncu Olimpiadadan beş medalla dönmüşdür.
Çingiz Hüseynzadə xatırlatmışdır ki, İlham Əliyev 1997-ci ildə Azərbaycan MOK-un prezidenti seçildikdən sonra ölkəmizdə idman hərəkatının genişmiqyaslı inkişafı başlanmışdır. Elə o vaxt qarşıya Olimpiya komplekslərinin tikintisi, idmançıların və onların məşqçilərinin sosial məsələlərinin həlli kimi vəzifələr qoyulmuşdur. Hazırda bölgələrdə də belə komplekslər tikilmişdir və onlar tezliklə bütün rayonlarda da fəaliyyət göstərəcəkdir. Hər yerdə idmançıların, idman veteranlarının problemləri həll olunur.
Lakin uğurlarımız idmançıları arxayınlaşdırmamalıdır. Pekin Olimpiadası Azərbaycan idmançıları üçün ciddi sınaq olacaqdır, çünki 2008-ci il prezident seçkiləri ərəfəsində keçiriləcək və idmançılar Prezident İlham Əliyevin seçkilərdə qələbəsinə öz töhfələrini vermək üçün bu Olimpiadada layiqincə çıxış etməlidirlər.
Sonra müxtəlif federasiyaların nümayəndələri çıxış edərək bildirmişlər ki, problemlər bütün federasiyalarda var. Bunlar beynəlxalq yarışlarda iştirak etmək üçün vəsait çatışmazlığı, tanınmış atletlərimizi əvəz edəcək gənc idmançılardan ibarət yeni nəslin hazırlığının qənaətbəxş olmamasıdır.
MOK-un iclasında iştirak edən Gənclər və İdman Nazirliyinin nümayəndələri bildirmişlər ki, dövlət bu məqsədlər üçün ayrılan vəsaiti ilbəil artırır, lakin həmin yarışlara nəticələr qazanacaq, ölkəmizi layiqincə təmsil edəcək perspektivli idmançılar göndərilməlidir.