MOSKVADA 116 MƏRTƏBƏLİ BİNA TİKİLƏCƏKDİR
AZƏRTAC-ın Moskvadan aldığı xəbərə görə, burada dünyanın ən hündür göydələnini tikmək planlaşdırılır. Moskva merinin birinci müavini, Vladimir Resin bildirmişdir ki, 116 mərtəbəli binanın hündürlüyü 640 metr olacaqdır. Bundan başqa, “Yeni dairə” proqramı çərçivəsində paytaxtda 35 mərtəbəli 60 göydələn tikiləcəkdir. Resin vurğulamışdır ki, Moskvada hündür binaların tikintisi zəruridir, çünki paytaxtda torpaq sahəsi çatışmır. Moskvada adambaşına 23 kvadratmetr yaşayış sahəsi düşdüyü halda, Avropada bu rəqəm orta hesabla 50-70 kvadratmetrdir.
Xatırladaq ki, hazırda dünyada ən hündür tikili Tayvandakı 460 metrlik Taypey qülləsidir. İkinci yeri tutun Petronas qülləsinin (Malayziya) hündürlüyü 451,9 metrdir. ABŞ-dakı Sirs qülləsi (443,2) üçüncü yerdədir. Dünyanın ən hündür 15 binasının ikisi – Triumf-Palas (265,5 metr) və MDU-nun binası (240,5 metr) Moskvada yerləşir.