MOSKVADA GÖRKƏMLİ CAZMEN VAQİF MUSTAFAZADƏNİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ FESTİVAL KEÇİRİLMİŞDİR
Festivala müğənni Larisa Dolina, pianoçular Anatoli Kroll və Salman Qəmbərov (Azərbaycan), saksofonçu Anatoli Gerasimov, gitaraçı Timur Kvitelaşvili (Gürcüstan), “Çe Gevara” qrupu (Ukrayna) və digər istedadlı caz ifaçıları dəvət olunmuşdular.
Yeni musiqi baxışının baş prodüseri Eduard Cəfərov demişdir: “İstərdik ki, bu festival virtuoz musiqiçiyə məhəbbət və minnətdarlıq əlaməti olsun. Vaqifin ömrü gödək olsa da, zəngin yaradıcılıq irsi qoyub getmişdir. Ümidvaram ki, Vaqif Mustafazadənin xatirə festivalı ənənəvi olacaqdır”.
V.Mustafazadə keçmiş SSRİ-də əməkdar artist adı almış ilk cazmendir. O, müxtəlif ansambllar yaratmış, Tallin, Tbilisi, Donetsk və digər şəhərlərdə keçirilmiş caz festivallarının laureatı adını qazanmışdır. Monako beynəlxalq müsabiqəsində V.Mustafazadə birinci mükafata və prizə - bəyaz royala layiq görülmüşdür. Tənqidçilərin fikrincə, “Vaqifin əsərləri heyrətamiz dərəcədə müasirdir və eyni zamanda onlarda əsrarəngiz qədim Azərbaycan təranələri, dərin mənalı muğamlar öz təcəssümünü tapmışdır”.
Vaqif Mustafazadə yaşasaydı, bu il onun 65 yaşı tamam olardı. O, ömrünün 39-cu ilində dünyasını dəyişmişdir. Görkəmli cazmenin işini qızları – pianoçular Lalə və Əzizə layiqincə davam etdirirlər.