Moskvada MDB-nin əsas mükafatları təqdim olunub
Moskva, 21 dekabr, AZƏRTAC
Azərbaycanın Xalq artisti, Böyük Teatrın solisti Elçin Əzizov və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədova Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) və MDB Humanitar Əməkdaşlıq Şurası tərəfindən təsis olunan “Birlik ulduzları” və “Debütlər birliyi” mükafatları təqdim edilib.
AZƏRTAC xəbər verir ki, mükafatların təqdimetmə mərasimi Moskvada keçirilib. Tədbir hibrid formatda baş tutub. Koronavirus məhdudiyyətləri səbəbindən bir çox laureat Moskvaya gedə bilməyib.
Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri, DHƏF İdarə Heyətinin sədri Polad Bülbüloğlu laureatları təbrik edərək, bu mükafatın MDB məkanında görkəmli insanları birləşdirdiyini qeyd edib.
“DHƏF mükafatının laureatları görkəmli bəstəkarlar, rəssamlar, həyatlarını yaradıcılığa və məkanımızın birləşməsinə həsr etmiş insanlardır. Özünütəcriddə olan hər hansı bir mədəniyyət məhv ola bilər. Mədəniyyət inkişaf etmək üçün digər mədəniyyətlərlə qarşılıqlı əlaqədə olmalı, ünsiyyət qurmalı, təmas etməlidir. Bu baxımdan fondumuz bu irsi qoruyub saxlayaraq böyük işlər görür. Mən bir daha “Debütlər birliyi” laureatlarını təbrik edirəm. Elmlə, yaradıcılıqla, yaradıcı fəaliyyətlə məşğul olan gənclərin bir-birini tanıması çox vacibdir”, - deyə P.Bülbüloğlu bildirib.
Rusiya Federasiyası Prezidentinin Beynəlxalq Mədəni Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, DHƏF-nin həmsədri Mixail Şvıdkoy qeyd edib ki, bu gün DHƏF çərçivəsində ünsiyyət daha vacibdir. “Biz çətin bir dövrdə, necə deyərlər, bu gün turbulentlik vəziyyətində yaşayırıq. Bura toplaşanlar bilir ki, mədəniyyət sahəsində münasibətlər daimidir, siyasi birləşmələrdən asılı deyil. Bu, bizim üçün hər şeydən vacibdir", - deyə M.Şvıdkoy vurğulayıb.
DHƏF-nin icraçı direktoru Anatoli İksanov qeyd edib ki, bu gün biz ən yaxşıların ən yaxşılarını mükafatlandırırıq. “Hər ölkədən humanitar elmlər, mədəniyyət və incəsənət sahəsində liderlər təmsil olunub. Mənim üçün laureatlardan biri - Elçin Əzizov haqqında ayrıca danışmaq, xüsusilə xoşdur. Mən artıq 8 ildir ki, Böyük Teatrda işləmirəm, lakin Elçin Əzizov hələ o vaxt möhtəşəm səsi, heyrətamiz xarakteri ilə fərqlənirdi. Teatrda ona pərəstiş edirlər, sevirlər”, - deyən Anatoli İksanov MDB-nin əsas mükafatının Elçin Əzizova təqdim edilməsinə şad olduğunu bildirib.
Sonra mükafatların təqdimetmə mərasimi olub.
Qeyd edək ki, “Birlik ulduzları” dünya nailiyyətlərinin səviyyəsinə uyğun olan və MDB ölkələrinin hər birinin və bütövlükdə Müstəqil Dövlətlər Birliyinin inkişafına töhfə verən humanitar sahədə əldə edilən ən yüksək nailiyyətlərə görə qurumun əsas mükafatıdır. Hər il verilən mükafatın dəyəri 2 milyon rubl təşkil edir.
Bu il yüksək mükafata 9 ölkədən 13 namizəd irəli sürülüb. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludan mükafatı qəbul edən Elçin Əzizov deyib: “Bu mükafatı alan bütün həmkarlarımı təbrik edirəm, DHƏF rəhbərliyinə ürəkdən təşəkkürümü bildirirəm. Polad Bülbüloğludan mükafat almaq mənim üçün artıq ənənəyə çevrilib. Böyük Teatrın səhnəsində mənə Azərbaycanın Xalq artisti medalını təqdim edən də məhz o idi. Doğma teatrımın səhnəsində yüksək mükafat almaq çox həyəcanlı idi”.
Bu il “Birlik ulduzları” mükafatının laureatları arasında şair, ədəbiyyatşünas, Qazaxıstanın Xalq yazıçısı Oljas Suleymenov, Qırğız Respublikasının Milli Elmlər Akademiyasının prezidenti, texnika elmləri doktoru, Əməkdar elm xadimi Murat Cumatayev, Moldova Milli Elmlər Akademiyasının prezidenti, Əməkdar elm xadimi İon Tiqinyanu, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, Rusiyanın diplomatik xidmətinin Əməkdar işçisi Anatoli Torkunov da vardır.
“Debütlər birliyi” mükafatı hər il təsisçilər tərəfindən müəyyən edilən humanitar sahədə gənc mütəxəssislərə (35 yaşa qədər) təqdim edilir. Bu illər ərzində mükafat şairlərə, həkimlərə, müəllimlərə, alimlərə, abidələrin mühafizəsi üzrə mütəxəssislərə, kitab və mütaliə təbliğatçılarına verilib. Bu il mükafat MDB-də böyük Qələbənin 75-ci ildönümü ili kimi elan edilmiş 2020-ci ilin nəticələrinə görə verilib.
Azərbaycandan mükafatı Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov alıb. O, çıxışında qeyd edib ki, biz ortaq tariximizi, faşizmə qarşı vuruşan qəhrəmanlarımızı unutmamalıyıq. “Bu mövzu ona görə daha aktualdır ki, MDB məkanında, o cümlədən bizim regionda faşist ideologiyasının nümayəndələrini şöhrətləndirmək cəhdləri müşahidə olunur ki, bu da dövrümüzdə yolverilməzdir”, - deyə politoloq vurğulayıb. O, DHƏF-nin rəhbərliyinə, Azərbaycan hökumətinə və Təhsil Nazirliyinə təşəkkür edib.
MDB ölkələrinin Gənclər Simfonik Orkestri laureatlar üçün xüsusi olaraq bayram konsert proqramı hazırlayıb. Orkestrin yaradılması DHƏF-nin möhtəşəm layihələrindən biridir. Kollektiv ilk dəfə 2007-ci ildə yığılıb. Bura ənənəvi olaraq MDB ölkələrindən olan gənc musiqiçilər, nüfuzlu musiqi müsabiqələrinin qalibləri daxildir. Bu il kollektiv Rusiyanın Xalq artisti Sergey Skripkanın rəhbərliyi ilə Rusiya Dövlət Simfonik Kinematoqrafiya Orkestri əsasında fəaliyyət göstərir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva