MOSKVADA RƏŞİDƏ BEHBUDOVANIN KONSERTİ OLMUŞDUR
Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev demişdir ki, Rəşidə xanımın konserti, eyni zamanda, Azərbaycanın dahi oğlu, ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuşdur. Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla anılmışdır. Tədbirdə çıxış edənlər Heydər Əliyevin Azərbaycan mədəniyyəti və incəsənətini daimi himayəsindən söhbət açmış, onun dünya şöhrətli Rəşid Behbudovun yaradıcılığına münasibətini xatırlamışlar. Heydər Əliyevin xatirəsi şərəfinə vaxtilə onun Rəşid Behbudovun ifasında sevə-sevə dinlədiyi “Alagöz” mahnısı ifa olunmuşdur.
Yüksək səviyyədə təşkil olunan klassik musiqi konserti böyük müvəffəqiyyətlə keçmişdir. Konsertin proqramı zəngin olmuş, böyük Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, Tofiq Quliyevin, Cahangir Cahangirovun əsərləri səslənmişdir. Rəşidə xanım “Arşın mal alan” musiqili komediyasından üç ariya, Müslüm Maqomayevin “Nərgiz” operasından iki ariya, Qara Qarayevin A.S.Puşkinin sözlərinə yazdığı “Mən sizi sevirdim”, Fikrət Əmirovun “Ey saqi” və korifeylərimizin digər ölməz əsərlərini ifa etmişdir. Rus klassiklərindən Raxmaninovun, Çaykovskinin, habelə Kajlayevin, başqa Rusiya bəstəkarlarının əsərləri səslənmişdir.
Fondun direktoru bildirmişdir ki, konsertə gələnlərin hamısına Rəşid Behbudovun mahnılarından ibarət “Qarabağlı oğlan” diski və “İrs” jurnalının xüsusi nömrəsi paylanmışdır. Axı, Rəşid Behbudov əslən Azərbaycanın incisi Qarabağdandır. Zənnimizcə, bu, Azərbaycan mədəniyyəti və incəsənətinin, Dağlıq Qarabağın, o cümlədən Şuşanın dünyaya Üzeyir Hacıbəyov, Rəşid Behbudov kimi musiqi dühaları bəxş etdiyi barədə informasiyanın Moskvada və Rusiya bölgələrində yayılmasına kömək edəcəkdir.
Fondun direktoru sonra demişdir ki, Rusiya Konsert Birliyi R.Behbudovaya RF regionlarına qastrol səfərinə çıxmağı təklif etmişdir. Fond gələn il bəzi tədbirlər keçirməyi nəzərdə tutur. Məsələn, yanvarın 24-də Rusiya Bəstəkarlar İttifaqında (RBİ) Rəşid Behbudova həsr olunmuş elmi konfrans, yanvarın 31-də isə Kino evində RBİ-nin və səfirliyimizin birgə təşkilatçılığı ilə “Arşın mal alan” filminin 60 illiyi və ölməz sənətkarın 90 illiyi münasibətilə tədbir keçiriləcəkdir.