MOSKVADA SƏKKİZİNCİ AVRASİYA TELEFORUMU KEÇİRİLİR
Müxtəlif ölkələrin televiziya peşəkarları, işgüzar dairələrinin və milli elitalarının nümayəndələri səkkizinci ildir ki, bir araya yığılaraq, ictimai rəyi formalaşdıran bu ən başlıca vasitələrdən birinin aktual problemlərini və inkişaf yollarını müzakirə edirlər. “Zorakılıqsız və qəddarlıqsız televiziya” şüarı altında təşkil olunmuş forum çərçivəsində “Avrasiyanın elektron KİV-ləri informasiya cəmiyyətinin tələbləri qarşısında” Beynəlxalq konqresi də keçirilir. Teleforumun başlıca layihəsi “Sosial cəhətdən məsuliyyətli televiziya”dır. Konqresdə, əsasən, Tunisdə keçiriləcək informasiya zirvə görüşünə hazırlıq mərhələsi, habelə beynəlxalq terrorizm və narkotəhlükə ilə mübarizə şəraitində elektron KİV-lərin rolu mövzuları önə çəkiləcəkdir.
Avrasiya Teleforumunda, ənənəvi olaraq, jurnalist işlərinin yaradıcılıq müsabiqəsi təşkil olunur. Bu il də 8 nominasiya üzrə müsabiqə və Böyük Vətən müharibəsində qələbənin 60 illiyinə həsr olunmuş xüsusi müsabiqə elan edilmişdir. Müsabiqəyə Rusiyanın 35 regionundan və 17 ölkədən 500-ə yaxın iş təqdim olunmuşdur.
Teleforumun A.S.Puşkin adına muzeydə keçirilmiş açılış mərasimində təşkilatçılar bildirmişlər ki, bu, Rusiyanın ictimai və mədəni həyatında əlamətdar hadisədir. İndi bütün cəmiyyətin yüksək səviyyədə savadlı və mədəni olmasının vaxtı çatmışdır. Buna xalqa ən yaxın və ən kütləvi bilik mənbəyi - televiziyasız nail olmaq mümkün deyildir. “Teleforum” jurnalının baş redaktoru Valeri Ruzin demişdir ki, televiziyanın reallığı əks etdirməsi, problemlərdən danışması, eyni zamanda, sosial cəhətdən məsuliyyətli olması çox vacibdir. Moskva həm də televiziya paytaxtı statusunu bir daha təsdiq edir və biz sosial cəhətdən məsuliyyətli televiziyaya pəncərə açırıq.
Səkkizinci Avrasiya Teleforumunu Moskva hökuməti, Avrasiya Televiziya və Radio Akademiyası, Avrasiya İqtisadi Birliyi, “SKİP-MEDİA” şirkəti, habelə onların Rusiya KİV-lərini təmsil edən informasiya tərəfdaşları təşkil etmişlər.
Teleforum noyabrın 13-də başa çatacaqdır. Yaradıcılıq müsabiqələrinin qaliblərinə Avrasiyada vahid mədəni-təhsil məkanının yaradılmasına töhfəyə görə və digər nominasiyalar üzrə xüsusi mükafatlar təqdim ediləcəkdir.