MOSKVADA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİ EHTİRAMLA ANILIR
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndi.
Mərasim iştirakçıları Azərbaycanın xalq rəssamı, professor Natiq Əliyevin yaratdığı abidənin önünə gül-çiçək dəstələri qoydular.
Sonra ulu öndərin anadan olmasının 83-cü ildönümü münasibətilə səfirliyin konfrans salonunda yığıncaq keçirildi. Səfir Polad Bülbüloğlu çıxışında Heydər Əliyevin parlaq və misilsiz həyatından, şəxsi keyfiyyətlərindən, ölkəmizin inkişafına və möhkəmlənməsinə misilsiz töhfəsindən danışdı. O vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyev dahi Heydər Əliyevin ən yaxşı keyfiyyətlərini özündə təcəssüm etdirmişdir və ölkənin hərtərəfli inkişafına, xalqın rifahının yüksəlməsinə yönəldilmiş siyasi xətti ardıcıllıqla və uğurla davam etdirir.
Rusiya Konstitusiya Məhkəməsinin hakimi Marat Baqlay, İTAR-TASS agentliyinin baş direktoru Vitali İqnatenko, RF Xarici Kəşfiyyat Xidməti direktorunun müavini İvan Qorelovski, keçmiş SSRİ-nin yollar naziri Nikolay Konarev, Altay Respublikası Xalq Məclisinin sədri İvan Belekov, rejissor Mark Zaxarov, Dövlət Dumasının mədəniyyət komitəsinin sədri İosif Kobzon, Rusiya-Azərbaycan Dostluğu Cəmiyyətinin sədri Nikolay Baybakov, Rusiya Prezidentinin köməkçisi Aleksandr Beqlov, Federal Mədəniyyət və Kinematoqrafiya Agentliyinin başçısı Mixail Şvıdkoy və musiqişünas Janna Dozortseva Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, heyrətamiz insani və peşəkar keyfiyyətlərindən, Azərbaycan ilə Rusiya arasında dostluğun möhkəmlənməsinə töhfəsindən söhbət açdılar. Onlar qəlblərində silinməz nurlu izlər buraxan bu qüdrətli şəxsiyyət ilə görüşləri haqqında xatirələrini və təəssüratlarını da bölüşdülər.
Yığıncağın sonunda pianoçu Murad Adıgözəlovun ifasında kompozisiya səsləndirildi, “Mir” teleşirkətinin Heydər Əliyevə həsr etdiyi film göstərildi.
Tədbirdə Azərbaycan diasporunun, Rusiya XİN-in, Moskvada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, elm, mədəniyyət xadimləri iştirak edirdilər.