MOSKVADA YAZIÇI ƏBDÜL HÜSEYNOVUN YUBİLEYİ QEYD OLUNMUŞDUR
Diasporumuzun və Rusiya ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Azərbaycanın Moskvadakı səfirliyində Əbdül Hüseynovun yubiley gecəsi keçirilmişdir.
Gecəni Azərbaycanın Rusiyadakı səfiri Ramiz Rizayev açaraq, yazıçının çoxillik yaradıcılığını və ictimai fəaliyyətini yüksək qiymətləndirmiş, tariximizin öyrənilməsində və tarixi romanların yaradılmasında onun müstəsna xidmətlərini, Azərbaycan mədəniyyətinə və ədəbiyyatına verdiyi töhfəni qeyd etmişdir.
Azərbaycan diasporunun nümayəndələri – şair N.Nəbioğlu, “Ocaq” mədəniyyət cəmiyyətinin sədri T.Məlikli, bəstəkar A.Sultanova və başqaları tariximizin tərənnüm edilərək, Vətənimizin hüdudlarından kənarda təbliğ olunmasında Əbdül Hüseynovun xüsusi xidmətlərini vurğulamışlar.
Əbdül Hüseynov beş monoqrafiyanın, 20-dən çox tarixi povest və romanın, 7 bədii film ssenarisinin, sosial-iqtisadi problemlərə və mədəniyyətə dair 500-dək məqalənin, kinofilmlərə yazılmış çoxsaylı resenziyaların müəllifidir. “Səlahəddin”, “Mustafa xanın xəzinəsi”, “Əkinçi taxtda”, Ə.Xaqaninin həyatına həsr olunmuş “Şirvanlı zəvvar”, “Abşerondan Ontarioyadək”, “Arzamaslı qız”, “Biz əslən Bakıdanıq” və oxucuların maraqla qarşıladıqları bir sıra digər tarixi romanlar və povestlər onun qələminə məxsusdur. Onun əsərləri ingilis, alman, fransız, ispan və ərəb dillərinə tərcümə edilərək, Azərbaycanda, İranda, Türkiyədə, Kanadada, Bolqarıstanda, Monqolustanda və Rusiyada çap olunmuşdur. O, “Yılmaz Günel”, “Mövsün Ərtoğrul”, “Türk kinosu” və sair monoqrafiyaların müəllifidir.
Ə.Hüseynovun təkcə yaradıcılığı deyil, həyatı da Azərbaycanla bağlıdır. Moskvada və Bakıda çapdan çıxmış “XX əsrin 100 nəfər tanınmış azərbaycanlısı” kitabı buna əyani sübutdur.
Əbdül Hüseynov ictimai fəaliyyətlə də məşğul olur, Ümumrusiya Azərbaycan Konqresi Mərkəzi Şurasının üzvüdür, ölkəmizin Moskvadakı diasporunun problemləri ilə yaxından maraqlanır.
Əbdül Hüseynov deyir: “Xalqımın böyük tarixi var, bu barədə daim danışmaq, yazmaq, televiziya proqramları hazırlamaq, filmlər çəkmək lazımdır. Qoy hamı bizim kim olduğumuzu bilsin!”