SİYASƏT
MSK sədri: Bütün məntəqələrdə brayl əlifbası ilə səsvermə imkanı yaradılacaq
![MSK sədri: Bütün məntəqələrdə brayl əlifbası ilə səsvermə imkanı yaradılacaq](/files/2024/1/1200x630/1706094462521715014_1200x630.jpg)
Bakı, 24 yanvar, AZƏRTAC
Seçki prosesində xəstələrin və qocaların səs vermələrini təmin etmək üçün mobil səsvermə qutuları təşkil olunacaq. Bu, Seçki Məcəlləsinin tələbinə əsasən həyata keçirilir. Yəni, bu, bizim komissiyaların vəzifəsidir. Əgər səsvermə günü obyektiv səbəbdən məntəqəyə gələ bilməyən seçici varsa, onlar qeydiyyata alınır.
AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 24-də jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, mobil qutuların çatdırılması da Məcəllənin tələbinə uyğun olaraq, müəyyən tərəflərin müşayiətilə həyata keçirilir. Eyni zamanda, bütün məntəqələrdə brayl əlifbası ilə də səsvermə imkanı yaradacağıq. Həmçinin hərəkət məhdudiyyətli insanlar üçün pandusların quraşdırılmasına başlanılıb. Maksimum dərəcədə çalışmışıq ki, bu qəbildən olan bütün seçicilərimizin hüquqlarını təmin edək.