İQTİSADİYYAT
Müasir şəhərlərdə miqrasiyanın idarə olunması əsas məsələlərdən biridir








Bakı, 1 oktyabr, AZƏRTAC
Oktyabrın 1-də Bakıda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu panel sessiyalarda işini davam etdirib.
AZƏRTAC xəbər verir ki, sessiyada çıxış edən moderator Odri Hickcox miqrasiya, şəhərlərin inkişafi və inklüziv məkana çevrilməsi mövzusunda məruzə edib.
O bildirib ki, müasir şəhərlərdə miqrasiyanın idarə olunması əsas məsələlərdən biridir. Şəhərlərin planlaşdırılmasında da miqrasiya prosesinə xüsusi yer verilməlidir. Sosial həyatın bütün sahələrində, o cümlədən tibb sahəsində, məşğulluqda miqrantların yaşayışı üçün optimal şərait yaradılmalı, bu qrup insanlar ucuz səhiyyə xidmətləri, bəzi hallarda isə tərcümə xidmətləri ilə əhatə olunmalıdır.
Məruzəçi qeyd edib ki, miqrantlar şəhərlərin inkişafinda xüsusi rol oynaya bilərlər.
Digər məruzəçi İnqrid Andersson təbiətin əsaslı həlləri mövzusunda çıxış edib.
Onun sözlərinə görə, Avropa Komissiyasının bununla bağlı proqramında 150 şəhər iştirak edir. Bu proqrama, eyni zamanda Afrika və digər ölkələr də qoşulub. Bildirilib ki, təbiətin əsas həlləri ətraf mühit, iqtisadiyyat kimi sektorları da əhatə etməli, həmçinin bu proses monitorinq olunmalıdır.
Forumda şəhərin inkişafinda təhlükəsizlik məsələlərinin də ciddi əhəmiyyət daşıdığı bildirilib.