ORDU
Müdafiə nazirinin müavini bölmələrin qış mövsümünə hazırlığını yoxlayıb
Bakı, 2 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən nazir müavini, general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi heyət və hərbi birliyin komandanlığı cəbhəboyu zonada hündür dağlıq ərazi və sərt iqlim şəraitində yerləşən bölmələrdə olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər zamanı bölmələrin qışa hazırlıq işlərinin keyfiyyəti, şəxsi heyətin qış mövsümü normalarına uyğun təminatı və təchizatı yoxlanılıb.
Hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanan nazir müavini qış dövrünə zəruri hazırlıq işlərinin görülməsi ilə əlaqədar müvafiq xidmətin daha keyfiyyətli təşkili ilə bağlı Müdafiə nazirinin tələblərini vəzifəli şəxslərə çatdırıb və konkret tapşırıqlar verib.