Müdafiə nazirinin rəhbərliyi ilə səhra şəraitində müşavirə keçirilib
Bakı, 8 sentyabr, AZƏRTAC
Sentyabrın 8-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov komanda qərargah hərbi oyunlarının səhra şəraitində yaradılmış əsas komanda məntəqəsində olub.
Nazir Zakir Həsənovun rəhbərliyi ilə təlim bölgəsində müşavirə keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə hərbi oyunlara cəlb edilən birləşmə və hərbi hissələrin komandir və rəis heyətinin təlimlərdə fəaliyyətləri, planları və qəbul etdikləri qərarlarla bağlı məruzələri dinlənilib.
Müşavirədə çıxış edən müdafiə naziri təlimlərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışaraq müvafiq tapşırıq və göstərişlər verib.