MÜDAFİƏ NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Oktyabrın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Kanadanın Türkiyə Respublikası və Azərbaycan Respublikasındakı hərbi attaşesi polkovnik Cozef A.Stivensi qəbul etmişdir.
Qonağı salamlayan Müdafiə naziri onu yeni təyinatı münasibətilə təbrik etmiş, Azərbaycan-Kanada hərbi əməkdaşlığının yaradılmasında və inkişaf etməsində ona uğurlar arzulamışdır.
Polkovnik C.A.Stivens özünü təqdim edərək bildirmişdir ki, o eyni zamanda Gürcüstan və Türkmənistanda Kanadanın hərbi attaşesi missiyasını yerinə yetirəcəkdir.
Sonra general-polkovnik S.Əbiyev Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan müharibəsinin yaranma tarixi və nəticələri haqqında məlumat verərək demişdir: “Azərbaycanın işğal edilmiş torpaqları tamam qarət edilmiş və orada infrastruktur tam şəkildə pozulmuşdur. Ermənistan terrorizmi və separatizmi dəstəkləyən bir dövlətdir. Ermənistan indi də öz strateji müttəfiqindən ardıcıl surətdə silah və sursat alır, onların çox hissəsini Dağlıq Qarabağda və Azərbaycanın işğal edilmiş digər ərazilərində yerləşdirir. Buna görə də işğal olunmuş Azərbaycan portaqlarını qaytarmır, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi Qətnamələrin tələblərini yerinə yetirmir. Təəssüf olsun ki, dünya ictimaiyyəti də Ermənistanı birmənalı şəkildə işğalçı dövlət adlandırmır. Azərbaycan torpaqları azad edilməyincə, döyüşlərin yenidən başlanması təhlükəsi mövcud olacaqdır”.
General-polkovnik S.Əbiyev fikrini davam etdirərək vurğulamışdır ki, Kanada şirkətləri Azərbaycanın neft layihələrində iştirak edirlər. O, demişdir: “Biz sizinlə hərbi sahədə də əməkdaşlıq etmək istəyirik. Arzu edirik ki, bu əməkdaşlıq daimi xarakter alsın”.
Polkovnik C.A.Stivens cavab olaraq bildirmişdir ki, biz tezliklə Azərbaycanla ikitərəfli əməkdaşlığı təşkil edə biləcəyik. Bu Kanada dövlətinin siyasi rəhbərliyinin qərarıdır. O, Ermənistan-Azərbaycan müharibəsinin həlli məsələsinə toxunaraq demişdir ki, bu xalq faciəsidir və beynəlxalq təşkilatlar onun həllinə ciddi yanaşmalıdırlar.
Görüşün sonunda general-polkovnik S.Əbiyev polkovnik C.A.Stivensə Azərbaycan-Kanada hərbi əməkdaşlığının yaradılmasında bir daha müvəffəqiyyətlər arzulamışdır.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində oktyabrın 23-dən 25-dək Antalya şəhərində (Türkiyə Respublikası) Cənub regionunun təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə NATO proqramı mövzusunda konfrans, oktyabrın 24-də Brüssel şəhərində (Belçika Krallığı) NATO-nun Ali mülki Fövqəladə Planlaşdırma Komitəsinin Avro-Atlantik Tərəfdaşlıq Şurası çərçivəsində plenar iclas, oktyabrın 26-dan noyabrın 1-dək London şəhərində (Böyük Britaniya) Təlim inspeksiyası, oktyabrın 28-dən noyabrın 1-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) Coxmillətli tərkibli qüvvələr üzrə tanışlıq kursu, oktyabrın 29-dan 31-dək Daşkənd şəhərində (Özbəkistan Respublikası) Qəzalara cavab vermə üzrə təlimin ilkin planlaşdırma konfransı keçiriləcəkdir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.