QAN YADDAŞI
MÜNAQİŞƏDƏN ZƏRƏR ÇƏKMİŞ UŞAQLARIN CƏMİYYƏTƏ İNTEQRASİYASI TƏMİN EDİLMƏLİDİR
Bakı, 24 fevral (AZƏRTAC). Müharibələr haqqında ən dəyərli bədii əsərlər onların üstündən uzun illər keçdikdən sonra uşaqlığı həmin dövrə düşən müəlliflər tərəfindən yaradılır. Bu baxımdan Qarabağ müharibəsi ilə bağlı ən qiymətli bədii nümunələrin meydana çıxmasında uşaqlarımızın yaradıcılığı böyük əhəmiyyətə malikdir. Toplaşdığımız sərgi bu həqiqəti əyani surətdə nümayiş etdirir. Həmin hadisələrin canlı şahidi olan uşaqlar müharibənin doğurduğu ağrıları, günahsız qurbanları rəsm lövhəsi üzərində böyük məharətlə canlandırmağa nail olmuşlar.
Bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova fevralın 24-də “Uşaq ili” çərçivəsində “Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilmiş rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində qeyd etmişdir.
Müharibənin nəticələrindən danışan H.Hüseynova bildirmişdir ki, Xocalı faciəsi zamanı erməni faşistləri bir gecədə 613 dinc sakini, o cümlədən 63 uşağı, 106 qadını, 70 qocanı xüsusi amansızlıqla öldürmüşlər. Bu gün qarşımızda duran ən mühüm vəzifələrdən biri münaqişədən zərər çəkmiş uşaqların cəmiyyətə inteqrasiyasını təmin etməkdən, onların layiqli vətəndaş və hərtərəfli şəxsiyyət kimi formalaşmasına nail olmaqdan ibarətdir.
Tədbirdə BMT-nin Uşaq Fondunun (YUNİSEF) ölkəmizdəki rəhbəri Məhəmməd Bendris Alami, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, Nazirlər Kabinetinin şöbə müdiri Qurban Sadıqov, gənclər və idman nazirinin müavini İntiqam Babayev Xocalı soyqırımı zamanı yol verilmiş cinayətlərdən danışmışlar.
Tədbirdə ölkədə qaçqın və məcburi köçkün olan vətəndaşlarımızın, o cümlədən uşaqların problemlərinin həlli üçün zəruri tədbirlər görüldüyü qeyd edilmiş, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahədə fəaliyyəti yüksək qiymətləndirilmişdir.
Sərgidə ən yaxşı rəsm işinin müəllifləri mükafatlandırılmış, digər qaliblər isə fəxri diplomlarla təltif olunmuşlar.