Mürəkkəb bulud hesablama sistemlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üzrə tədqiqatların nəticələri təqdim olunub
Bakı, 17 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti elmi seminarda “Mürəkkəb bulud hesablama sistemlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi çərçivəsində aparılmış tədqiqatların elmi-nəzəri nəticələri müzakirə olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Məruzəni təqdim edən institutun icraçı direktoru texnika üzrə fəlsəfə doktoru dosent Rəşid Ələkbərov dissertasiya işi üzrə aparılmış tədqiqatların nəticələrindən bəhs edib. O bildirib ki, aktiv istifadəçi qrupları tərəfindən intensiv istifadə olunan bulud resurslarının onlara yaxın serverlərdə optimal yerləşdirilməsi yolu ilə şəbəkə gecikmələrinin azaldılmasını təmin edən metod işlənmişdir.
Dosent R.Ələkbərov mürəkkəb bulud hesablama sistemlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün metod və alqoritmlərin işlənməsi ilə bağlı aparılan tədqiqatları da diqqətə çatdırıb. O, həmçinin bulud hesablama sistemlərinin komponentlərində yaranan təhlükəsizlik problemlərinin araşdırıldığını və səviyyələrə əsaslanan təhlükəsizlik modeli çərçivəsində tövsiyə və mexanizmlərin işlənildiyini vurğulayıb. Bildirib ki, buludəsaslı kiberfiziki sistemlərdə təhlükəsizlik məsələlərinin həlli üçün səviyyələr üzrə yanaşma tətbiq edilmiş, hər bir səviyyədə mövcud boşluqlar və potensial təhdidlər ətraflı şəkildə təhlil edilmiş, problemlərin aradan qaldırılması üçün effektiv mexanizmlər və tövsiyələr təqdim olunub.
Daha sonra dissertasiya işinin nəticələrinə dair geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırıb.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev dissertasiya işinin müasir dövrün aktual elmi problemlərinə həsr olunduğunu bildirib. Alim qeyd edib ki, bulud serverlərinin xarici ölkələrdə yerləşdirilməsi milli informasiya təhlükəsizliyi üçün ciddi risklər yaradır, xüsusilə kibertəhlükəsizlik, iqtisadi təhlükəsizlik və məlumat suverenliyi ilə bağlı əlavə təhdidlər meydana çıxır. Bu baxımdan tədqiqatın kibersuverenlik kontekstində aparılması xüsusi əhəmiyyət kəsb edir.
Akademik R.Əliquliyev elmi seminarda səsləndirilən təklif və tövsiyələrin nəzərə alınmasının tədqiqatların daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.