MURMANSKDA “BAHADIR GÜCÜ” TURNİRİ KEÇİRİLMİŞDİR
Murmansk, 27 fevral (AZƏRTAC). Rusiyanın Murmansk vilayətinin paytaxtında müxtəlif peşə və yaşlardan olan pəhləvanlar öz güclərini sınamışlar. Qəhrəman şəhər Murmanskın fəxri vətəndaşı İqor Kaloşinin mükafatları uğrunda ənənəvi turnir “Boqatırskaya sila” (“Bahadır gücü”) adlanır. Həmkarlar İttifaqlarının Mərkəzi stadionunun idman sarayında 80-dək pəhləvan öz gücünü sınamışdır.
İqor Yakovleviç Kaloşin demişdir: “Son vaxtlar daşqaldırma idmanı vilayət sakinləri arasında getdikcə daha populyar olur. Daşqaldırma idmanın digər növlərində qələbələr qazanmaq və rekordlar vurmaq yolunda əhəmiyyətli addımdır. Turnirin yaraşığı qızların yarışı olmuşdur.
Gənc gözəllər 8 kiloqramlıq daşın öhdəsindən məharətlə gəlmişlər. Murmanskdakı Azərbaycan diasporunun 16 yaşlı nümayəndəsi Aynur Duluxanova daşı birdən 72 dəfə, 14 yaşlı Lyana İlyiçenko isə 66 dəfə qaldırmışlar. Proqrama döşəmədən dartınma da daxil edilmişdir. Bu hərəkətdə murmansklılar yaxşı nəticə göstərmişlər. Birinci yeri tutmuş Aynur Duluxanova 21 dəfə, gümüş mükafatçı olmuş rəfiqəsi isə 15 dəfə dartınmışdır.
L.İlyiçenko demişdir: “Biz informatika kollecində oxuyuruq. Məktəbdən sonra pauerliftinqlə məşğul olmaq üçün kluba gedirik. Əvvəllər mən xoreoqrafiya studiyasına, Aynur isə aerobikaya gedirdik. Lakin yeniyetmələr üçün “Krılataya qvardiya” (“Qanadlı qvardiya”) klubunun idman zalına bir dəfə baş çəkdikdən sonra buradan ayrıla bilmədik”.
Aynurun atası Batil Duluxanov jurnalist Əlihüseyn Şükürova demişdir: “Məşqçi sarıdan da bəxtimiz gətirmişdir. Pavel Alfyorov çox diqqətli, qayğıkeş, əsl qaliblər yetirən məşqçidir”.