Murmanskda “Sabantuy” bayramı qeyd edilmişdir
Bakı, 19 iyun (AZƏRTAC). Ənənəyə görə Semyonovskoye gölü sahilindəki Murmansk şəhər mədəniyyət və istirahət parkında “Sabantuy” milli tatar-başqırd bayramı keçirilmişdir. Bu bayram bütün murmansklıların birlik rəmzinə çevrilmişdir.
Bayram meydançasında xalq yaradıcılığı məmulatlarının yarmarkası təşkil edilmişdir.
Bayrama qəhrəman Murmansk şəhərinin Milli Mədəniyyətlər Mərkəzinin milli cəmiyyətlərinin və Ümumrusiya Azərbaycanlılar Konqresinin vilayət şöbəsinin nümayəndələri dəvət olunmuşlar.
Gənc murmansklılar üçün oyun meydançaları təşkil edilmişdir, gölün sahilində bayramın təşkilatçıları ocaq üstündə iki qazanda ətirli plov bildirmişlər.
Bayramda iştirak etmək üçün bir qrup artistlə birlikdə Kazandan Murmanska gəlmiş Rusiyanın Tatarıstan Respublikasının İnvestisiya İnkişafı Agentliyi rəhbərinin müavini Liana Sayetova demişdir: “Tatarlar üçün “Sabantuy” braziliyalılar üçün karnaval kimi yaz-tarla işlərinin başa çatması, yazda təbiətin təzələnməsi bayramıdır. Bu bayramın kökləri çox qədim zamanlara gedib çıxır. Onu adətən yayın əvvəllərində keçirirlər”.
Liana Sayetova və “İdel-Ural” Murmansk regional tatar-başqırd mədəniyyəti mərkəzinin sədri Rüstəm Qazizov izah etmişlər ki, “Sabantuy”un tarixi tatar xalqının tarixi qədər qədimdir.
Bayram, adətən rəmzi ayinlə başlanır: taxta kotana at qoşulur və ilk şırım açılır. Bayramın kulminasiyası sayılan maydan - şeirlərdə və mahnılarda tərənnüm edilən qaçış, tullanma, milli güləş, cıdır və digər yarışlar tatar bayramının bəzəyidir. Axşam gənclər gəzintiyə çıxmış, mahnı oxuyub rəqs etmiş, yallı getmiş, şən oyunlar keçirmişlər, cavanlar bir-biri ilə tanış olmuş, gələcək nikah cütlükləri müəyyənləşmişdir.
Bu gün cıdır yarışları tatar “Sabantuy”unun ayrılmaz elementidir.
Konsertdə Kazandan gəlmiş müğənnilər Alsu İbrahimova və İlşar Həbibulin, Kirovsk şəhərinin “Barvinok”, Murmansk Lenin dairəsinin mədəniyyət evinin “Rossiyane” ansamblları və başqa ansambllar iştirak etmişlər.