“Murmanskiy vestnik” qəzetindəki “Sevmək və sevilmək” adlı məqalədə həmvətənlərimizdən də bəhs olunur
Bakı, 10 iyul (AZƏRTAC). Murmansk vilayətində çıxan “Murmanskiy vestnik” qəzetində “Sevmək və sevilmək” adlı məqalə dərc edilmişdir. Məqalənin müəllifi Yekaterina Andreyeva qeyd edir ki, bu günlərdə Murmansk şəhərindəki Kirov adına vilayət mədəniyyət sarayında nikah “stajı” 25 ildən çox olan 32 cütlüklə görüş olmuşdur. Bu hadisə ən nurlu bayramlardan birinə - Ailə, sevgi və sədaqət gününə həsr edilmişdir.
Cütlükləri təbrik etmək üçün gəlmiş qubernator Marina Kovtun demişdir: “Deyilənə görə bu bayram müqəddəs Valentin gününün əksi kimi təsis edilmişdir, lakin bu heç də belə deyildir: bizim bayramın kökləri daha dərindir. Dünyada sevgi, ailə telləri, dostluq və qarşılıqlı anlaşmadan dəyərli heç nə yoxdur. Mənim özümün ailəm, iki uşağım var, nikahda yaşamağın neçə böyük iş olduğunu öz təcrübəmdən bilirəm. Lakin əgər insanlar bir-birinə güzəştə gedirsə, bir-birinə diqqət göstərirsə, sevgilisini dəyişmirsə, onu olduğu kimi qəbul edirsə, onda hər iş yaxşı alınır”.
Bayramın bütün qonaqları qubernatorun sözləri ilə razılaşmışlar. Axı onlar bunu öz şəxsi nümunələrində görmüş və duymuşlar.
Gündəlik hökumət qəzeti olan “Murmanskiy vestnik”in xüsusi müxbiri yazır ki, həmin gün mədəniyyət sarayında çox səmimi sözlər deyilmişdir. 50 il və daha artıq müddətdə nikahda yaşamış cütlüklər - Hüseyn və Nina Əsədovlar, Viktor və Zoya Dubovitsklər, Viktor və Lyudmila Mitinlər, Fyodor və Kapitalina Roçevlər, Vladimir və Yekaterina Şabanovlar, Vitali və Zinaida Şelestlər, Flyur və Antonina Yakupovlar xüsusi ehtirama layiq görülmüşlər.
Müəllif qeyd edir ki, Marina Kovtun bu cütlüklərə “Məhəbbət və sədaqətə görə” medallarını təqdim edərək demişdir: “Siz bizim hamımız üçün nümunəsiniz”.
Məqalə iki fotoşəkil ilə illüstrasiya edilmişdir. Həmin fotoşəkillərin birində həmvətənlərimiz Nina Dmitriyevna Əsədova və Hüseyn Cəfər oğlu Əsədov Murmansk vilayətinin qubernatoru Marina Kovtunla yanaşı əks olunmuşdur.