Müşavir: Növbəti addım mövcud üstünlükləri iqtisadiyyat üçün yüksək əlavə dəyərə çevirməkdir
Bakı, 26 sentyabr, AZƏRTAC
Neft və qaz sektorundan kənar ixraca hazır olan 2 sahə var - bərpaolunan enerji, nəqliyyat və logistika.
AZƏRTAC xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Sevil Yəhyayeva II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Qeyri-maddi investisiyalar: Gələcəyin kapitalı və iqtisadi artımın yeni hərəkətverici qüvvəsi" mövzusunda keçirilən panel sessiyada deyib.
S.Yəhyayeva qeyd edib ki, Azərbaycan böyük bərpaolunan enerji potensialına malikdir, buna quruda iqtisadi baxımdan səmərəli olan təxminən 27 giqavatlıq potensial daxildir.
“Ən əsası, bu potensial artıq real investisiyaya çevrilməkdədir. Son illərdə xarici investisiyaların dəstəyi ilə iri Günəş və külək layihələri istifadəyə verilib, əlavə irimiqyaslı layihələr isə işlənilmə mərhələsindədir. Bu, yalnız daxili enerji sistemini gücləndirmək üçün deyil, həm də Azərbaycanın regional yaşıl enerji əməkdaşlığında və zamanla enerji ixracındakı rolunu inkişaf etdirmək üçün imkan yaradır. İkinci sahə nəqliyyat və logistikadır. Ölkədən keçən tranzit yükdaşımaları 2024-cü ilin ilk yeddi ayında 9 milyon tonu keçib. Lakin hədəflər yalnız tranzitlə məhdudlaşmır. Daha geniş imkan Azərbaycanı istehsal, logistika, paylama və təchizat zəncirinin idarə edilməsi üzrə regional mərkəzə çevirməkdir. Beynəlxalq şirkətlərin bu imkanlardan istifadəsi regionun müxtəlif bazarlarına xidmət göstərə bilər. Hər iki sahədə bünövrə artıq mövcuddur. Növbəti addım bu üstünlükləri daha dərin investisiyalara, daha güclü regional əlaqələrə və iqtisadiyyat üçün yüksək əlavə dəyərə çevirməkdir”, - deyə Sevil Yəhyayeva vurğulayıb.