Musiqi Mədəniyyəti Dövlət Muzeyində iki görkəmli bəstəkarın xatirəsi anılıb
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə məşhur bəstəkar, pianoçu və dirijor S.V.Raxmaninovun 150 illik və görkəmli Azərbaycan bəstəkarı, pedaqoq və musiqi xadimi, SSRİ Xalq artisti Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, konsertdən öncə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova hər iki bəstəkarın yaradıcılığından, onların dünya musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən danışıb.
Tədbir konsert proqramı ilə davam edir.
Konsert proqramında Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti və tələbələrin ifalarında Qara Qarayevin, Sergey Raxmaninovun, Fərəc Qarayevin, Xəyyam Mirzəzadənin, İsmayıl Hacıbəyovun əsərləri səsləndirilib.
Konsert muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış videoçarx və fotomaterialların nümayişi ilə müşayiət olunub.