Müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır
Şəki, 11 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Aprelin 11-də Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxşaxəli siyasəti” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, ziyalı və gənclərin iştirak etdikləri tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, İlham Əliyevin 2018-ci il aprelin 11-də yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 5 il ötdüyünü, xalqımızın dövlətimizin başçısı İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş olduğunu diqqətə çatdırıb.
İcra hakimiyyətinin başçısı vurğulayıb ki, İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimizin qüdrəti və iqtisadi gücü daha da artıb, Azərbaycanın beynəlxalq aləmdə mövqeyi xeyli güclənib. Ötən müddətdə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik təmin edilib, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunub.
Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa edib. Vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi 30 illik dövr ərzində Azərbaycan dövlətinin daha da güclənməsi üçün aparılan uğurlu islahatların və uzaqgörən xarici siyasətin məntiqi nəticəsidir.
Sonra tədbir iştirakçıları Bakı Media Mərkəzinin hazırladığı “İlham” sənədli filmini izləyiblər. Film Prezident İlham Əliyevin tarixi missiyasına həsr olunub. Filmdə dövlətimizin başçısının 2003-cü ildən başlayaraq yürütdüyü məqsədyönlü siyasət, qoyulan məqsədlərə addım-addım nail olması və son nəticədə torpaqlarımızın işğaldan azad edilməsi əks olunub.